Analitika

Azərbaycan-Bolqarıstan əlaqələri dərin köklərə dayanır

1992-ci ilin iyun ayının 5-də iki ölkə arasında qurulan diplomatik əlaqələr artıq 30 ildir ki, dinamik və yüksələn xətt üzrə inkişaf edir. Bolqarıstan Respublikasının Azərbaycan Respublikasında səfirliyi 1999-cu il dekabr ayından, Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi isə 16 aprel 2004-cü ildən fəaliyyətə başlamışdır. Bütün bu illər ərzində iki ölkənin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin, nazirlərin və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil olunmuşdur. Iki ölkə arasında əlaqələrin inkişafında ölkə parlamentlərinin rəhbərlərinin qarşılıqlı səfərləri, hər iki ölkə parlamentində fəaliyyət göstərən Parlamentlərarası işçi qruplarının fəaliyyəti də rol oynayır. İki ölkə arsında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. İlk dəfə 1995-ci ilin 29-30 iyun tarixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bolqarıstan Respublikasına rəsmi səfər etmişdir. Ölkələr arasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsində,  strateji əməkdaşlıq səviyyəsinə çatdırılmasında və daha da inkişaf etdirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstan Respublikasına rəsmi səfəri böyük rol oynamışdır.   Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü keçirilib. Görüşdə iqtisadi əlaqələrin ikitərəfli münasibətlərin əsas komponentlərindən biri olduğu vurğulanıb. Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün kifayət qədər böyük potensial və çoxlu imkanlar var. Bolqarıstan-Azərbaycan əməkdaşlığının Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini deyən R.Radev ölkəmizin Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında vacib rolunu xüsusi vurğulayıb. O, “Həmrəylik Halqası” layihəsinin reallaşmasında Azərbaycanın mühüm rol oynadığını vurğulayıb. 30 il ərzində Azərbaycan-Bolqarıstan əlaqələri çox uğurla və geniş bir sferada inkişaf edib. Əldə olunan statistik göstəricilər onu deməyə əsas verir ki, Bolqarıstan və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəklər.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button