Analitika

Azərbaycan Bolqarıstan arasında əlaqələr həm də mədəni-siyasi inkişafa köklənib

Azərbaycan ilə Bolqarıstan arasında qarşılıqlı münasibətlər 1992-ci ilin yanvarında Bolqarıstanın Azərbaycanın müstəqilliyini tanımasından sonra həmin ilin iyununda qurulub. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu ilin dekabrından, Azərbaycanın Bolqarıstandakı səfirliyi isə 2004-cü ilin aprel ayından etibarən fəaliyyət göstərir. Azərbaycan və Bolqarıstan  arasında münasibətlər Prezident İlham Əliyevin 2015-ci ildə paytaxt Sofiyaya rəsmi səfəri zamanı imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə keyfiyyətcə daha yeni səciyyə qazanıb. Bu son dərəcə mühüm sənədlə tərəflər qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədilə strateji tərəfdaşlığa daxil olduqlarını bəyan ediblər. Birgə Bəyannaməyə əsasən, xarici işlər nazirlərinin sədrliyi ilə Azərbaycan-Bolqarıstan Strateji Dialoqu təsis olunub. Strateji Dialoqun birinci iclası 2018-ci ildə, ikinci iclası isə 2022-ci ildə keçirilib. İndiyədək iki ölkə arasında imzalanan 60-dan çox sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. İki ölkə arasında əlaqələrin gücləndirilməsində qarşılıqlı səfərlər mühüm əhəmiyyət daşıyır. Bu mənada Bolqarıstan Respublikasının dövlət və hökumət başçıları, müxtəlif rəsmi nümayəndə heyətləri ölkəmizə mütəmadi səfərlər ediblər. İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində dövlət başçılarının nümayiş etdirdikləri siyasi iradənin önəmini xüsusi qeyd etmək lazımdır. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir. Azərbaycan da Bolqarıstanla dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində maraqlıdır. Həm Bolqarıstan, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Göründüyü kimi, Azərbaycan və Bolqarıstan uzun müddətdir ki, özəyini enerji tərəfdaşlığı təşkil edən yaxın əlaqələrə malikdir. Bu tərəfdaşlıq təkcə ikitərəfli əlaqələr üçün deyil, həm də Avropanın enerji təhlükəsizliyi arxitekturası üçün böyük əhəmiyyət kəsb edir. Hər iki ölkə bu istiqamətdə çox çalışmaqla yanaşı, qeyri-enerji sektorlarına, nəqliyyyat layihələrinə və mədəni əlaqələrə də önəm verir.

Rza Eyvazlı,
YAP -ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button