
Ölkəmizdə yaşıl enerjiyə keçid mərhələsinə başlanılıb və energetika sahəsində 2030-cu ilə qədər iki beşillik plan müəyyən edilib. Birinci strategiya 2022-2026-cı illər üçün nəzərdə tutulub. Qeyd edildiyi kimi ölkədə bütün elektrik enerjisi üzrə qoyuluş gücü 8 min meqavatdan bir az artıqdır. 2030-cu ilə qədər qoyuluş gücündə yaşıl enerjinin payının 30 faizə çatdırılması məsələsi durur. Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə Qaradağda həyata keçirilən 230 meqavatlıq pilot layihəsinin istifadəyə verilməsi ilə bu, artıq 20 faizin üzərinə çıxdı. 2027-ci ildə 1870 meqavatın əlavə olunması üzərində ciddi işlər gedir. Hesablamalar göstərir ki, yaşıl mənbələrdən alınan elektrik enerjisinin 30 faizə çatdırılması tapşırığı 2030-cu ildə deyil, 2027-ci ildə yerinə yetirmək də mümkündür. Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edilib. İ Qlazqoda keçirilən COP-26 konfransında həmin ərazilər xalis sıfır emissiya zonası elan edilib, yəni həmin torpaqlarda karbon dioksid qazının və digər istilik effekti yaradan qazların xalis emissiyasının sıfıra bərabər olacağı proqnozlaşdırılıb. Hazırda Qarabağ zonasında bu istiqamətdə layihələrin icrasına başlanılıb. Eyni zamanda Naxçıvan Muxtar Respublikası da yaşıl enerji zonasına əlavə edilib.
Azərbaycanın yaşıl enerjisinə bir çox ölkələr, o cümlədən ABŞ, Avstraliya maraq göstərir. Azərbaycan həm də Danimarkanın “Vestas” şirkəti ilə “yaşıl enerji” sahəsində əməkdaşlıq edəcək. “Vestas” şirkətinin vitse-prezidenti Jens Pinderup isə 40 ildən çox təcrübəyə malik şirkətin 80-dən çox ölkədə fəaliyyətindən bəhs edib. Bir neçə növ turbin üzrə şirkətin təklifləri diqqətə çatdırılıb və “Vestas” şirkətinin Azərbaycanla əməkdaşlığa maraqlı olduğu qeyd edilib. Bundan başqa, bütün sadalananlarla bərabər, Azərbaycan “China Gezhouba Group Overseas Investment” şirkəti ilə də 2 QVt gücündə bərpa olunan enerji layihələri üzrə əməkdaşlıq edəcək. Belə ki, Çin şirkəti elektrik enerjisinin yüksək gərginlikli sabit cərəyan kabelləri vasitəsilə uzaq məsafələrə ötürülməsi sahəsində təcrübə mübadiləsini həyata keçirəcək. Azərbaycanın Energetika Nazirliyi ilə “China Gezhouba Group Overseas Investment” şirkəti arasında imzalanan Anlaşma Memorandumu ölkədə sənaye miqyaslı günəş enerjisi, quruda və dənizdə külək enerjisi, enerji saxlama və inteqrasiya olunmuş “ağıllı” enerji sistemləri, həmçinin “yaşıl hidrogen” istehsalı layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi üzrə əməkdaşlığı ehtiva edir. Sənəd, həmçinin şirkət tərəfindən layihələrin şəbəkəyə qoşulma imkanlarının tədqiqi, ətraf mühitə təsirin qiymətləndirilməsi, geoloji və topoqrafik tədqiqatların aparılmasını nəzərdə tutur.
Almaniya isə Azərbaycanın bərpaolunan enerji mənbələrinə təxminən 1 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Azərbaycanda bərpaolunan enerji bazarlarının inkişaf perspektivləri həm külək enerjisi sahəsində, həm də günəş generasiyası, hidroenergetika və digər yaşıl enerji sahələrində müxtəlif layihələrin icrası üçün müvafiq təcrübəyə malik bir çox şirkətlər qarşısında imkanlar açır. Hazırda regionda və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac var. Azərbaycan dörd qonşu ölkəyə enerji ixracını artıq təmin edib və gələcəkdə digər bazarlara da çıxacaq. Bu baxımdan hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı da artırır.
Prezident İlham Əliyev 2-ci Şuşa Qlobal Forumunda çıxışı zamanı da qeyd edib ki, biz ən böyük Günəş Elektrik Stansiyasını – 230 meqavat gücündə stansiyanı istifadəyə verdik. İndi isə 240 meqavatlıq külək elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır və tezliklə biz 240 meqavatlıq Günəş Elektrik Stansiyasının açılışını edəcəyik. Birinci layihə “Masdar” şirkəti, ikinci layihə isə “Acwa Power” şirkəti tərəfindən həyata keçirilir. Üçüncüsü isə BP tərəfindən inşa ediləcək. Yəni, bunlar dünyanın aparıcı enerji şirkətləridir. Bununla yanaşı, ötən ay Bakıda biz üç Günəş və külək elektrik stansiyasının təməlini qoyduq, ümumi həcm bir qiqavatdır. Biz bu sahədə çox böyük işlər görürük. Böyük potensialımız var, həm texniki, həm də iqtisadi potensialımız. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda Günəş və külək stansiyalarının potensialı, göstərir ki, biz 27 qiqavat həcm istehsal edə bilərik, yəni, həcm böyükdür.
Məmmədova Nuranə,
Xəzər rayonu, 122 nömrəli məktəbin müəllimi