Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa edilən enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən, külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir.
Ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb.Bərpaolunan enerjiyə keçid qısa zamanda baş verə bilməz, bunun üçün uzun illər boyu gərgin iş aparılması, böyük sərmayələr yatırılması tələb olunur. Qaz, neft, kömür kimi yanacaq növləri hələ bundan sonra da uzun müddət enerji balasında aparıcı yer tutacaq. Perspektiv planda Azərbaycan bu prosesin tədricən həyata keçirilməsini hədəfləyir və enerji mənbələrini şaxələndirir. Ənənəvi enerji növlərinə alternativ olaraq “yaşıl enerji”nin inkişaf etdirilməsi həyata keçirilir.
Azərbaycan son illər böyük layihələr ilə Avropanın enerji təminatına və təhlükəsizliyinə öz töhfəsini verir. Biz tədbirdə neft-qaz ixracı ətrafında aparılan müzakirələrdə iştirak edirik. Bundan əlavə, enerji transformasiyası, bərpaolunan enerji mənbələrinin tətbiqi və potensialı diqqət mərkəzindədir. Azərbaycanda da bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirilir.
Prezident İlham Əliyevin bildirdiyi kimi, respublikamızda da bərpaolunan enerji sektoru prioritet sahələrdən biri kimi müəyyənləşdirilib və bu sahəyə böyük həcmlərdə investisiyalar yönəldilir. Azərbaycan dövləti ətraf mühiti qorumaq üçün bərpaolunan enerji növlərinin inkişafına xüsusi diqqət yetirir və ölkəmizin bərpaolunan enerji sektorunu inkişaf etdirməyə hər cür imkanı var.
Rəna Süleymanlı,
YAP-ın gənc fəalı