Azərbaycan Avropada etibarlı tərəfdaş sayılır
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Müstəqilliyin ilk illərində Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil etmişdir. Azərbaycanın enerji siyasətinin bir neçə istiqaməti mövcuddur ki, bunlardan daha vacib olan ikisini xüsusi qeyd etmək mümkündür. Birincisi, Azərbaycanın öz daxili enerji təhlükəsizliyinin təmini, ikincisi isə digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfə ilə bağlı idi. Bu baxımdan həm Azərbaycanın enerji ehtiyatlarının hasilatı, həm də bu ehtiyatların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması böyük əhəmiyyət daşıyır.
Hasilatı və Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında Azərbaycanın önəmli yer tutmasına şərait yaratmışdır. Xəzər hövzəsi regionunun dünya üçün mühüm karbohidrogen mənbəyi olması Avropanın diqqətindən yayınmır. Qərb analitikləri qeyd edirlər ki, Xəzər hövzəsində böyük neft şirkətlərilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır və Qərbin enerji daşıyıcılarının istismar edilməsində Azərbaycanla əməkdaşlıq etməsi yüksək qiymətləndirilir.
Ulu öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev çox gözəl şəkildə bildirmişdi: “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir.” Eyni zamanda, dövlətimizin başçısı “Şahdəniz” layihəsinin Avropanın enerji xəritəsini dəyişəcəyinə əmin olduğunu bəyan etmişdir.
Qlobal əməkdaşlıq mühitində reallaşan Cənub qaz dəhlizi geniş coğrafiyada enerji təhlükəsizliyinə birləşdirici kəmərlərlə Balkanların enerji təchizatına töhfə verəcəkdir. Cənub qaz dəhlizi və onun bir hissəsi olan TAP layihəsi bir tərəfdən Avropanın enerjiyə artan təlabatının ödənilməsində yeni mənbə və marşrut təklif edir. TAP layihəsi Yunanıstan və Türkiyə sərhədindən Trans-Anadolu kəmərindən qazı alaraq Cənubi İtaliya bazarına çıxaracaq. Bu zaman həm də TAP-dan Albaniya, Bosniya-Hersoqovina, Monteneqro, Yunanıstan, Xorvatiya, həmçinin daxili şəbəkələr ilə Bolqarıstan “mavi yanacaq” almaq imkanına malik olacaq. Bu baxımdan demək olar ki, Avropa bazarına artıq Azərbaycan qazı daxil olur. TAP layihəsi demək olar ki, enerji diversifikasiya məqsədinə xidmət göstərir, digər tərəfdən isə kömürdən çox istifadə edən ölkələrdə təmiz enerji mənbəyinin tətbiqinə imkan yaradır.
Mais Günəşli,
YAP-ın gənc fəalı.