Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Bu günün reallığı ondan ibarətdir ki, Avropa qitəsi ölkələri alternativ, lakin dayanıqlı enerji təchizatı mənbəyinə əlçatanlığı uğrunda mübarizə aparırlar. Hazırki situasiyada isə Avrasiya geosiyasi məkanında ən etibarlı və dayanıqlı enerji təchizatı mənbəyi Azərbaycandır və ölkəmiz nəinki nefti və qazı, hətta elektrik enerjisi ilə qlobal enerji təhlükəsizliyi məsələsində xüsusi çəkiyə malikdir. Ona görə də, Avropa ölkələri daha çox Azərbaycanla əməkdaşlığa can atırlar. Məhz bu səbəbdəndir ki, Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və bununla da Azərbaycan 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdıracaq: “Azərbaycan Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri ilə digər enerji qaynaqlarının da Avropaya ixracı üçün əlverişli şərait yaradır. Bu gün artıq Azərbaycan həm Avropanın enerji təminatı mənbəyidir, həm də enerji koridoru, qovşağıdır. Əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz edibsə, bu il bu rəqəm 12 milyarda çatıb”.
“Həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaq” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycanın Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlar da uğurlu olacaq: “Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabər olan, Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş bərpaolunan enerji potensialının 157, quruda külək və günəş enerjisi potensialının 27, Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialının 10 qiqavatdan çox olması Azərbaycanı elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən də dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevirir. Şübhə yoxdur ki, çoxşaxəli əməkdaşlıq əlaqələri çərçivəsində Azərbaycan yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevriləcək. Beləliklə də, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir”.