Analitika

Azərbaycan-Avropa münasibətlərinin sabitləşməsinə və artan dinamika üzrə inkişafına öz töhfələrini verəcək

Azərbaycan ilə qardaş Rumıniya arasında münasibətlərin əsası hələ Orta əsrlərdə qoyulmuşdur. Azərbaycan hökmdarı Həsən şahın dövründən başlayan bu əlaqələr  Səfəvilərin hakimiyyəti illərində də davam etmişdir. 2003-cü ilin oktyabrında İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Rumıniya ilə əlaqələr uğurla inkişaf etdirildi. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyaya rəsmi səfər etdi. Görüşlər zamanı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparıldı. Səfər zamanı iki ölkə arasında 11 sənəd imzalandı. 2009-cu il sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən “Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə” imzalandı. Bu, Azərbaycanın Avropa Birliyinə üzv dövlət ilə bağladığı ilk strateji tərəfdaşlıq müqaviləsi idi.Ötən dövrdə Azərbaycan və Rumıniya arasında ümumilikdə 61 sənəd imzalanıb, hazırda isə bir sıra əməkdaşlıq sənədlərin layihələri hazırlanır. Bu amil əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratmışdır. Hazırda Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Belə ki, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığı ildən-ilə genişlənməkdədir. Müstəqilliyə qədəm qoyandan bəri Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Enerji sahəsində davam edən əməkdaşlığın geniş perspektivləri olduğu hər iki tərəfə məlumdur. ARDNŞ Rumıniyada “SOCAR” brendi ilə fəaliyyət göstərən 16 yanacaqdoldurma məntəqəsi açmışdır. İki ölkə arasında fəaliyyət göstərən Müştərək Komissiya əməkdaşlığın gücləndirilməsinə etibarlı zəmin yaratmışdır. Bu il iyunun 23-də Bakıda Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclası keçirildi. Qeyd edildi ki, son zamanlar qarşılıqlı ticarət əlaqələrində müsbət addımlar müşahidə olunur. Əgər iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsində son illər sabit şəkildə artım 2021-ci ildə 31,3 faiz təşkil etmişdisə, bu ilin yanvar-aprel aylarında bu sahədə 2,77 dəfə artım qeydə alınmışdır. Müvafiq olaraq ixrac və idxalda artım 19 və 52 faiz təşkil etmişdir. Artıq bu əməkdaşlıq təkcə neft-qaz sahəsini yox, həm də kənd təsərrüfatı, rəqəmsallaşma, nəqliyyat kimi daha geniş sferaları əhatə edəcək. Azərbaycan – Rumıniya əməkdaşlığının genişlənməsi isə öz növbəsində Azərbaycan-Avropa münasibələrinin sabitləşməsinə və artan dinamika üzrə inkişafına öz töhfələrini verəcək.

Laura Quliyeva,
Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru

Oxşar Xəbərlər

Back to top button