
“ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfər etməsi, iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mühüm tarixi, siyasi və strateji hadisədir. 18 ildən sonra dünyanın ən güclü ölkəsinin vitse-prezidentinin Azərbaycana gəlməsi ölkələr arasındakı strateji münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir”.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq barədə xartiyanın imzalanması iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcıdır: “Bu sənəd təkcə strateji və diplomatik jest deyil, o, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirən, regional güc balansına təsir edən strateji addımdır. İki bərabərhüquqlu tərəfdaşlar kimi imzalanmış sənəd açıq şəkildə göstərir ki, Azərbaycan müstəqil siyasət yürüdür, tərəfdaşlarını milli maraqlar əsasında seçir və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əməkdaşlığı prioritet hesab edir. Bu addım həmçinin regional və qlobal güc mərkəzlərinə bir mesaj idi. Yəni, Bakı hər hansı xarici təsir altında qərar vermir və prosesləri öz milli maraqları əsasında idarə edir.
Bütün bunlarla yanaşı onu da əlavə etmək lazımdır ki, imzalanmış xartiya regional güc balansı kontekstində qonşu ölkələrin təsir imkanlarının zəiflədiyi bir dövrdə Azərbaycanın ABŞ üçün strateji açar ölkəyə çevrildiyini göstərir. Bu sənəd Bakı ilə Vaşinqton arasında uzunmüddətli siyasi və təhlükəsizlik əməkdaşlığının zəminini möhkəmləndirir. Enerji və iqtisadi əməkdaşlıq nöqteyi-nəzərindən isə Azərbaycanın tranzit və Avropanın enerji təhlükəsizliyindəki rolu ABŞ üçün strateji maraq doğurur. Bu mənada xartiya qeyri-neft sahələrinə, rəqəmsal texnologiyalara və investisiyaların cəlb olunmasına xüsusi diqqət yetirir. İmzalanmış sənəd digər tərəfdən geosiyasi mesaj xarakteri də daşıyır. Belə ki, xartiya regionda balanslaşdırılmış siyasət apara bilən, Qərblə konstruktiv əməkdaşlıq edən müstəqil dövlət kimi Azərbaycanın rolunu bir daha təsdiqləyir. Bu addım həm də digər regional oyunçulara açıq siqnaldır ki, Azərbaycan öz siyasətini milli maraqlar üzərində qurur. Xüsusilə də, ABŞ-ın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək mesajları verməsi, Ermənistan-Azərbaycan münasibətləri və regional güc balansı fonunda mühüm siyasi siqnal xarakteri daşıyır. Nəhayət, xartiya iki ölkənin timsalında siyasi və strateji etibar nümunəsini təqdim edir. Daha doğrusu, Azərbaycanın bərabər tərəf statusunu qoruduğunu və ABŞ ilə tərəfdaşlıqda yalnız strateji maraqların prioritet olduğunu göstərir. Bu isə Bakının Qərb dairələrində etibarını artırır və gələcək layihələr üçün siyasi baza yaradır”.
Ramil Vəlibəyov qeyd edib ki, ABŞ tərəfi xartiyanın təhlükəsizlik, enerji və regional sabitlik sahələrindəki rolunu vurğulamaqla, Azərbaycanın yalnız enerji təminatçısı deyil, həm də strateji tranzit ölkə və geosiyasi tərəfdaş olduğunu açıq şəkildə etiraf edir: “Bir sözlə, strateji tərəfdaşlıq xartiyası ABŞ-Azərbaycan münasibətlərində yalnız yeni mərhələ açmır, eyni zamanda Cənubi Qafqazda regional balansın formalaşmasına, Azərbaycanın beynəlxalq çəkisinin güclənməsinə və uzunmüddətli iqtisadi-təhlükəsizlik əməkdaşlığının möhkəmlənməsinə xidmət edir. Bakı bu sənəd vasitəsilə həm ABŞ-a, həm də digər regional güclərə mesaj verir ki, Azərbaycan yardım alan deyil, strateji tərəfdaşdır və prosesləri özü idarə edir”.



