Analitika

Azərbaycan 2 qitə arasında tranzit keçid rolunu oynayır

Azərbaycan nəinki regionun, həm də yer kürəsinin böyük bir hissəsini təşkil edən Asiya ilə Avropa arasında əlaqələndirici rol oynayır. Bu gün əməkdaşlıq əlaqələrini möhkəmləndirən dövlətlərə daha çox ehtiyac var. Çünki dünya düzənində ziddiyyətlər gündən-günə dərinləşir və ölkələr arasındakı ənənəvi bağlantılar qırılır. Həmçinin dünyanın siyasi-iqtisadi düzənində əhəmiyyətli yer tutan bəzi böyük güclər təcrid olunur və kənarlaşdırılır. Bu da böyük bir coğrafiyanın siyasi-iqtisadi mənzərəsində yeni reallıqlar yaratmaqdadır.

Azərbaycanın zamanında ərsəyə gətirdiyi karbohidrogen ehtiyatlarının önəmini Avropa dövlətləri bir neçə il əvvələ qədər əhəmiyyətli hesab etmirdilərsə də, hazırda ölkəmiz bu qitənin enerji təhlükəsizliyində yeganə alternativ mənbəyə çevrilib. Düzdür, Azərbaycan qazı Avropanın enerji təminatında o qədər də böyük yer tutmasa da, bugünkü reallıqda mövcud resurslarımız üzərində böyük rəqabət başlayıb.

Azərbaycan-Avropa əməkdaşlığı təkcə enerji sektoru ilə kifayətlənmir. İki qitə arasında körpü rolunu oynayan ölkəmiz bir sıra regional nəqliyyat layihəsinin təşəbbüskarı və icraçısıdır Ölkəmizdə yenilənmiş müasir yol infrastrukturu, o cümlədən avtomobil-dəmir yollarımız, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin davam etdirilməsində vacib marşruta çevrilib. Qeyd olunmalıdır ki, Çindən və Hindistandan çıxan yüklər Körfəz ölkələri və Xəzər dənizini keçməklə “Şimal-Cənub”, “Şərq-Qərb” və “Cənub-Qərb” tranzit dəhlizləri vasitəsilə dövriyyə olunur. Təkcə cari ilin 6 ayında ölkəmizin üzərindən keçən tranzit yüklərinin həcminin 50 faizdən çox artması da bu günün reallığıdır. Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra ölkəmizin yük buraxma imkanları daha da genişlənəcək. Ermənistanla sülh müqaviləsinin bağlanması, Zəngəzur dəhlizin açılması ilə bağlı müzakirələrin birbaşa Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə davam etdirilməsi, Aİ-nin Azərbaycanın təqdim etdiyi prinsipləri dəstəkləməsi və müzakirələrdən müsbət nəticənin əldə olunmasına çalışması ölkəmizin bu istiqamətdə apardığı siyasətin perspektivlərindən xəbər verir. Bir çox ölkələrlə Zəngəzur dəhlizinin açılması istiqamətində müzakirələrin aparılması, bu məsələnin hər dəfə Avropa İttifaqı tərəfindən də qabardılması Şərqi və Qərbi birləşdirəcək yolun Ermənistanın məsuliyyətsizliyi üzündən açılmamasının qəbul edilməyəcəyi deməkdir.

Azərbaycan xarici siyasəti geniş şəkildə şaxələndirildiyi üçün Avropa qitəsi ilə yanaşı, Asiya ölkələri ilə də əlaqələrin inkişafında maraqlıdır. Coğrafi mövqeyinin verdiyi üstünlüklərdən, qurduğu nəqliyyat-kommunikasiya xətlərindən yüksək səviyyədə istifadə etmək dövlətin başlıca hədəfidir.  Əsas qayəsi regionda və dünyada iqtisadi əlaqələrə, rifaha, sülhə, sabitlik və təhlükəsizliyə xidmət etməkdən ibarət olan Azərbaycan qitələri birləşdirən ən əlverişli körpü rolunu oynayır.

Beləliklə bu gün cənab Prezident İlham Əliyevin hərtərəfli siyasəti sayəsində Azərbaycan təkcə regional iştirakçı deyil, həm də qlobal problemlərin həllinə təsir edə bilən bir ölkədir. Azərbaycan Liderinin artmaqda olan nüfuzu ölkənin siyasi gücünü artırmaqla yanaşı ölkəmizi bir çox sahələrdə Avropa qitəsi üçün vacib, əvəzolunmaz və etibarlı tərəfdaşa çevririb.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button