Analitika

Azərbayacanla Gürcüstanın iqtisadi, tarixi kökləri

Tarixən Cənubi Qafqaz bölgəsinin əsas ölkələri olan Azərbaycanla Gürcüstanı çoxlu sayda sarsılmaz tellər bağlayır. Həm qədim dövrlərdə, həm də yeni çağda ölkələrimiz və xalqlarımız dəfələrlə bir-birinə yardım əli uzatmış, əsl dostluq nümayiş etdirmişdirlər.  Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

Ümummilli lider Heydər Əliyevin  Gürcüstana etdiyi tarixi səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında” Müqavilə, eləcə də “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq haqqında” Bəyannamə və ya “Tbilisi bəyannaməsi” strateji tərəfdaşlığımızın fundamentini təşkil etmişdir.

Bu gün Bakı – Tbilisi – Ceyhan əsas ixrac neft boru kəməri, Cənub Qaz Dəhlizi, Bakı – Tbilisi – Qars dəmir yolu kimi nəhəng strateji layihələri, eləcə də çoxlu sayda digər əməkdaşlıq formatları uğurla inkişaf etdirməyə davam edən Azərbaycan, Gürcüstan və Türkiyə  sözün əsl mənasında tərəqqinin və dayanıqlı inkişafın lokomotividir.

Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Ölkələrimiz arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında dostluq və işçi qrupları var.

Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb.

Mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq iki ölkə arasında münasibətlərin prioritet sütunlarından biridir. Bu, birbaşa insanlara, cəmiyyətə müsbət təsir bağışlaya bilən məsələlərdir. İki yaxın qonşu, tarixən sıx qarşılıqlı təmaslarda olmuş, mədəniyyətləri müəyyən qədər qaynayıb qarışmış xalqlarımız arasında dərin köklərə malik mədəni əlaqələrimiz mövcuddur.

Gürcüstanda, həmçinin azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq teatrı fəaliyyət göstərir.

Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də mövcuddur. Bu muzey M.F.Axundzadənin, C.Məmmədquluzadənin və N.Nərimanovun ev-muzeylərini özündə birləşdirir.

Azərbaycanla Gürcüstan arasında həm mütəmadi siyasi dialoqun durmadan davam etdirilməsi, həm də ayrı-ayrı sahəvi dövlət qurumları arasında əməkdaşlığın və əlaqələndirmənin etibarlı əsasda təmin olunmasından xəbər verir. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.

Mətanət Cəfərova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button