
Azərbaycanın müstəqillik tarixində ən qürurlu anlardan biri üçrəngli bayrağımızın yenidən rəsmi şəkildə qəbul edildiyi gündür. Bu hadisə, uzun illər boyu xalqın qəlbində yaşatdığı azadlıq arzusunun gerçəkliyə çevrildiyi məqam idi. 1991-ci il fevralın 5-də qəbul olunan qərarla Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq yenidən dövlət rəmzi kimi təsdiq edildi. Beləcə, müstəqil Azərbaycan öz tarixi davamlılığını bərpa etdi və milli kimliyinin parlaq simvolunu ucaltdı.
Bayrağımızın yenidən mavi göylərdə dalğalanması, əsrlərin sükutundan sonra gələn dirçəlişin, milli ruhun və dövlət müstəqilliyinin təntənəsi idi. Mavi rəng türk köklərimizin, qırmızı rəng müasirlik və tərəqqi yolunun, yaşıl rəng isə mənəvi dəyərlərimizin rəmzidir. Bu üç rəng bir araya gələrək, xalqımızın keçmişi, bu günü və gələcəyini bir simvolda birləşdirdi.
Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində bu bayraq yalnız bir rəmz deyil, həm də azərbaycançılıq ideologiyasının mərkəzinə çevrildi. O, bayrağın ucalmasını dövlət müstəqilliyinin əsas dayaqlarından biri kimi qiymətləndirdi. Hər dəfə üçrəngli bayraq dalğalananda xalqın qüruru və dövlətə inamı daha da möhkəmləndi.
Bu gün bayrağımız dünyanın bütün qitələrində, beynəlxalq təşkilatların binaları qarşısında və qalib Azərbaycan Ordusunun azad etdiyi torpaqlarda dalğalanır. Onun hər dalğalanışı, müstəqilliyimizin, qələbəmizin və milli birliyimizin əbədi səsini dünyaya çatdırır.
Xəyal Rzazadə,
YAP Xəzər rayon təşkilatının fəalı



