Analitika

Azadlığa aparan, Qəlblərdən silinməyən qanlı iz

Xoşbəxtlik gələndə zərif yel kimi gəlir, gəlişi də çox bilinmir. Bədbəxtlik isə tufan tək gəlir, uçura-uçura, dağıda-dağıda gəlir. Özü də bədbəxtliyi heç kəs öz xoşuna seçmir, o, özü gəlib bizi tapır. Xalqımızın başına açılan oyunlar kimi, qanlı 20 Yanvar kimi.

20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdir. Məhz bu tarixdə 1988-ci ildən başlamış xalq hərəkatı özünün kulminasiya nöqtəsinə çatdı və Azərbaycanın yüzlərlə qəhrəman oğulları bu yolda, azadlıq və müstəqillik uğrunda şəhid olaraq gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etdilər. Bəli, 20 Yanvar gecəsində minlərlə Azərbaycan övladını meydanlara, silahlı rus qəsbkarlarının qarşısına çıxaran, qəlblərində gəzdikləri doğma torpağın bütövlüyünü, toxunulmazlığını, azadlığını qorumaq hissidir. Sonrakı bütün tarix boyu 20 Yanvar şəhidləri yaddaşlarda qalacaq və əbədi yaşayacaqdır.

İllər ötür, nəsillər dəyişir, xalqın həyatında baş verən hadisələr tarixə çevrilir. Bəziləri unudulub gedir, bəziləri daim xatırlanır. Xalqımızın qan yaddaşına yazılan hadisələrdən biri də 20 Yanvar faciəsidir. Bu hadisəyə ən dəqiq qiyməti ulu öndər Heydər Əliyev verib: “1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.

Bizi o günlərdən illər ayırır. Ulu Öndərin dediyi kimi, həmin hadisənin tariximizdə tutduğu yeri zaman keçdikcə daha aydın dərk edirik. 20 Yanvar çox haqlı olaraq Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi adlandırılır. Bu hadisələr canlı şahidlərin yaddaşında silinməz iz buraxıb. Aradan illər keçməsinə baxmayaraq, hər şey göz önündən sanki kino lenti kimi gəlib keçir: təlatümlü Bakı, gecənin qaranlığında işıq saçan güllələr, tankların və zirehli maşınların uğultusu, küçələrə səpələnmiş cəsədlər, yaralılarla dolu xəstəxana palataları…

Gəlin bir daha baxaq, xatırlayaq, yaddaşımızı təzələyək.

Sovet İttifaqında uzun müddət davam edən durğunluq tədricən iqtisadi böhran ilə əvəz olunmuşdu. Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən əməli tədbirlərin görülməməsi və digər neqativ hallar haqlı narazılığı artırırdı. Digər tərəfdən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Dağlıq Qarabağda separatizm meyllərinin qızışdırılması onsuz da mürəkkəb olan ictimai-siyasi vəziyyəti daha gərginləşdirirdi. Sadalanan amillər fonunda Azərbaycan xalqının müstəqillik arzusunun gerçəkləşməsinə zəmin yaradırdı.

Beləliklə, bir tərəfdən, Azərbaycan xalqının milli-azadlıq hərəkatının dirçəlməsi, digər tərəfdən isə, ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsi Sovet İttifaqının rəhbərliyinə bəhanə verərək Azərbaycana qarşı sərt addımların atılması üçün şərait yaratdı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi MixailQorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusiqəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün əlamətlər müşahidə edilib.

1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirilmiş və 700-dən artıq vətəndaş yaralanmış və xəsarət almışdır. Ümumilikdə həmin dövrdə 147 nəfər şəhidlik zirvəsinə yüksəlmiş, 700-dən çox yaralının 25-i qadın, 20-si uşaq olmuşdur.

Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib: “…Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və … hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm…Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı…Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”.

Müdrik dövlət başçısı Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra 20 Yanvar hadisələrinə dolğun siyasi qiymət verilməsi, bu inamı və əqidəni daha da möhkəmləndirmişdir. Yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş şəxslərə dövlət başçısı tərəfindən «20 Yanvar şəhidi» fəxri adının verilməsi o günü bir daha gələcək nəsillərin yaddaşına həkk etdirdi.

Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.

1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. Milli Məclisin həmin qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.

Qanlı 20 Yanvar hadisələrinin 33-ci ildönümü ərəfəsində Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad olundu. 44 günlük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edən qəhrəman əsgər və zabitlərimizin qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Sadalananlar xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini nümayiş etdirməklə yanaşı, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canımızdan belə keçməyə hazır olduğumuzu bir daha sübut etdi.

20 Yanvar şəhidlərin ailələrinə qayğı daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görmüşdür. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. Təqaüdün məbləği 2023 -ci il yanvarın 1-dən 500 manatdan 600 manatadək artırıldı. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılıb. Bundan başqa, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksi inşa olunub.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

Azərbaycan xalqı 20 Yanvar şəhidlərini heç zaman unutmayacaq, əbədi xatirə kimi həmişə yad edəcəkdir. Onların xatirəsi bizim üçün əbədi və müqəddəsdir!

Səfərova Ülviyyə,
Xəzər 256 №li məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button