Azad olunmuş ərazilərin iqtisadi ixtisaslaşdırılması yaxın gələcəkdə yeni imkanlar açacaq
Dayanıqlı iqtisadi inkişafı təmin etmək üçün hər şeydən əvvəl onun sahəvi quruluşunu müəyyən etmək lazımdır. Yəni, müxtəlif təsərrüfat sahələrinə onlar üçün əlverişli olan mühitdə sərmayə yatırmaq lazımdır. Müasir dünyada bunun bir çox uğurlu modelini görmək olar. Güclü iqtisadi inkişaf strategiyaları olan ölkələr öz ərazilərinin lokal potensialını nəzərə alaraq böyük gəlirlər əldə edir.
Azərbaycanda da yerli potensialın nəzərə alınması ilə iqtisadi ixtisaslaşma kifayət qədər sistemli şəkildə həyata keçirilib. Müxtəlif dövrlərdə bu strategiya iqtisadi artıma öz töhfəsini verib.
Bu mövzuda danışarkən işğaldan azad olunmuş rayonların təyinatı üzrə bərpasını xüsusi vurğulamaq lazımdır. Qeyd olunan ərazi o qədər də böyük sərhədləri əhatə etməsə də burada yerləşən hər bir rayonun özünəməxsus potensialı var. Buna görə də işğaldan azad edilmiş rayonların bərpası zamanı bu xüsusiyyətlər – coğrafi şərait, tarixi-mədəni mühit, logistik imkanlar və s. nəzərə alınıb.
Məsələn Qarabağın tacı olan Şuşa şəhəri özünün tarixili, mədəni mərkəz olması ilə fərqlənir. Bu isə imkan verir ki, burada mədəni turizmin inkişafına sərmayə qoyulsun. Bununla həm iqtisadi gəlir əldə etmək olar, həm də mədəni irsimizin dünyaya tanıdılması üçün böyük işlər görə bilərik. Demək olar ki, bu sahədə vacib addımlar ilk gündən atılıb. İlk vaxtlardan Şuşada müxtəlif mədəni festifalların keçirilməsi, Şuşadan olan mədəniyyət xadimlərinin yaradıcılıq gecələrinin təşkili və s. tədbirlər bunun göstəricisidir. Ölkə başçımızın bu sahəyə xüsusi diqqəti nəticəsində Şuşa artıq dünyanın diqqət mərkəzindədir.
Digər mühüm məqam azad olunmuş ərazilərdə kənd təsərrüfatı üzrə ixtisaslaşan rayonların inkişafıdır. Bu baxımdan Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd , Ağcabədi, Füzuli, Qubadlı, Laçın, Zəngilan rayonlarını xüsusi vurğulamaq lazımdır. Bu rayonlar kənd təsərrüfatı rayonlarıdır. Onların iqtisadiyyatında üzümçülük, taxılçılıq və heyvandarlıq mühüm yer tutur. Ərzailərindən axan dağ çayları füsunkar gözəlliklə bərabər, bağçılıq və bostançılıq üçün əlverişli şərait yaratmışdır. Əsrlərdən bəri əhali bu torpaqlarda meyvə bağları salmış, müəyyən təsərrüfat işləri ilə məşğul olmuşlar. Artıq bu rayonlarda yeni təsərrüfat subyektləri yaradılıb. Bu məqsədlə yerli və xarici investorlar cəlb edilib.
İqtisadi inkişafın əsas komponentlərindən biri də sənaye istehsalıdır. Bu istiqamətdə Ağdam rayonu xüsusi fərqlənir. Burada ötən il Prezident İlham Əliyevin təməlini qoyduğu 200 hektara yaxın ərazini əhatə edən Sənaye Parkı qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili də planlaşdırılır. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq.
İstehsalla bərabər həm də bu və ya digər istehsal məhsuulunun daxili və xarici bazara çıxarılması da vacibdir. Bunun üçün Cəbrayıl rayonunun böyük logistik potensialı var. Hələ tezliklə Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionun tranzit imkanlarını daha da genişləndirəcək.
Bütün bunlar göstərir ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın tezləşdirilməsi üçün lazım olan bütün işlər yüksək səviyyədə həyata keçirilir. Şübhəsiz ki, Azərbaycan vətəndaşları öz doğma yurdlarına dönəndən sonra yaradılmış şəraitdən istifadə edəcək. Bütün bu işlərin görülməsində əsas məqsəd xalqın rifahını yaxşılaşdırmaq, insanların layiqli yaşamını təmin etməkdir.
Əli Babazadə,
YAP-ın gənc fəalı