Analitika

Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır

Bu gün Azərbaycan xalqı olaraq torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırıq. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın olundu. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir.

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan hökuməti 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib. Bu il Azərbaycan bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı planlaşdırır. Dövlətimiz müasir şəhərsalma – “ağıllı şəhər”, ”ağılı kənd” konsepsiyalarından istifadə edərək yeni şəhər və kəndləri sıfırdan yaradır. Bu, milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir.

Ağdam şəhərinin uzun illər erməni vandalizminə məruz qalması və Prezident İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclası zamanı çıxışında Ağdamı “Qafqazın Hirosiması” adlandırırlar deməsi hər birimizə məlumdur. Tanınmaz halda olan Ağdamda artıq dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı, Sənaye Parkının və Parkda fəaliyyət göstərəcək alternativ və bərpaolunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərinin qoyulmasına Böyük Qayıdış konsepsiyası kontekstində yanaşmaq lazımdır”.

Prezident İlham Əliyev tərəfindən Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, eyni zamanda 2022-ci il ölkəmizdə “Şuşa İli” elan olunub. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarəti, yüksək diqqət və qayğısı ilə Şuşada genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir. Şuşanın tarixdəki görkəminin özünə qaytarılması istiqamətində davamlı işlər görülür. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən bu il mayın 12-14-də Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçirildi. Müxtəlif ölkələrdən kollektiv və ifaçıların Şuşada bir səhnəni bölüşməsi qədim şəhərimizin beynəlxalq səviyyədə təbliğinə gözəl töhfə oldu.

Birinci Qarabağ müharibəsi zamanı 23 avqust 1993-cü ildə Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Rayonla yanaşı Füzuli şəhərinin də təxminən 17.000 sakininin hamısı zorla qovuldu. İşğal dövründə şəhər bütünlüklə dağıdıldı və kabus şəhərinə çevrildi. Ermənistan işğalçıları tərəfindən tutulduqdan sonra şəhər həm də minalanmışdı. 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı oktyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Silahlı Qüvvələrinin şəhərə nəzarəti yenidən ələ keçirdiyini elan etmişdir. Ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi Füzulidən Azərbaycan əsgərlərinin şəhərin mərkəzində Azərbaycan bayrağını qaldırdığını göstərən video yayımladı. Bundan sonra azərbaycanlı minatəmizləyənlər şəhəri və onun ətrafındakı bütün mina sahələrini təmizləmək üçün gecə-gündüz çalışmışdır.

2021-ci il oktyabrın 26-da isə hava limanının rəsmi açılışı olmuşdur. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin dövlətinin rəsmilərinin olduğu Türkiyənin bir nömrəli təyyarəsi, elə Ankara – Füzuli hava xətti ilə uçuş edərək, birbaşa Füzuli Beynəlxalq Hava Limanına enmişdir.

Hava Limanının layihələndirməsinin tərkibinə aşağıdakı obyektlər daxil edilmişdir:

  1. Aerovağzal binası
  2. 3000×45 metr ölçüdə uçuş enmə zolağı
  3. Peron
  4. Yönəldici yol
  5. Uçuş enmə zolağının işıq siqnal sistemləri
  6. Transformator yarımstansiyalarının tikintisi
  7. Köməkçi binalar

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Azərbaycan dövlətinin siyasəti qaranlıqdan doğan günəş tək hərarəti ilə Qarabağa yenidən can verir. Belə ki, bu gün təbiətin möcüzəsi sayılan Qarabağ torpaqlarında bərpa-quruculuq işləri uğurla davam edir.

Xancanova Hüsnüyyə,
Xəzər rayonu, 92 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button