
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımız azad olundu, Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələri darmadağın edilərək, işğala son qoyuldu. Ərazi bütövlüyümüzün bərpa edilməsi, münaqisənin beynəlxalq hüquq normaları əsasında həll edilməsi üçün Prezident İlham Əliyevin tutduğu qətiyyətli mövqe, ordu quruculuğuna, hərbi-sənaye kompleksinin inkişafına göstərdiyi diqqət və qayğı 44 günlük Vətən müharibəsində sözünü demiş oldu. 2020-ci il 10 noyabr tarixində, 44 gün davam edən hərbi əməliyyatların yekunu və Ermənistanın məğlubiyyətinin açıq etirafının təsdiqi olaraq Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat Ermənistanın kapitulyasiya aktı idi və ölkəmizin maraqlarını ifadə edirdi. Həmin sənəddə bir sıra müddəalarla yanaşı, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilmə tarixləri yer almışdır. 2020-ci il 1 dekabr tarixində strateji əhəmiyyətə malik Laçın rayonu Azərbaycana qaytarıldı. “Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq”, – deyə Prezident çıxışlarının birində bildirmişdir. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi.
18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri Laçını işğal etmiş və işğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri ilə zəngin olan bir diyardır. Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon respublikamızın təbii sərvətlərilə zəngin guşələrindəndir. Ərazisində dünyada nadir ağac növlərindən hesab olunan qırmızı dəmirağac meşələri, çox sayda mineral su bulaqları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, cürbəcür dərman bitkiləri vardır. Laçın rayonunun 22 min hektarı meşə sahəsidir.
Təbii ki, işğaldan azad olunan ərazilərimiz kimi Laçın da tamamilə dağıdılıb. Prezident İlham Əliyev Laçının işğalı ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi, – deyərək, bunun AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti olduğunu qeyd etmişdi:”AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər – hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur”.
44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın Şəhəri Günüdür. Bu gün işğaldan azad olunan ərazilərimizə, eləcə də Laçına Böyük Qayıdış başlayıb. Laçın yeni qaynar dövrünü yaşayır. Azad Laçında abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı İlham Əliyevin nəzarəti altındadır. Prezident İlham Əliyev azad Laçına səfərləri zamanı təməlqoyma və açılış mərasimlərində iştirak edir, aparılan işlərlə yerindəcə tanış olur, tapşırıq və tövsiyələrini verir. Laçın rayonunda Beynəlxalq Hava Limanının inşası davam etdirilir. 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək. Laçında Kiçik Su Elektrik stansiyalarının açılışı, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışı, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı, “Həkəri Balıq Təsərrüfatı”nın açılışı, “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının (KSES) açılışları, eləcə də bir sıra məkanların təməlqoyma mərasimləri Laçında aparılan abadlıq-quruculuq işlərinin təzahürüdür. Bütün bunlarla yanaşı, dövlət başçısı tərəfindən Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Güləbird kəndində, ümumilikdə 581 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ərazinin ümumi sahəsi 172 hektardır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdiriləcəkdir.
Görülən bu və digər işlər göstərir ki, ədaləti bərpa edən Azərbaycan bölgədə sülhə və təhlükəsizliyə əsaslanan siyasətini uğurla davam etdirərək, genişmiqyaslı quruculuq-abadlıq işlərini də uğurla davam etdirir, yeni baxışlar formalaşdırır.
Güləddin Dadaşov,
YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi, 62 ərazi partiya təşkilatının sədri, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini