AnalitikaGündəmSiyasət

Azad Laçın tarixi Zəfərimizin simvollarından biri kimi

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 26 avqust tarixinin Laçın şəhəri günü elan edilməsi Azərbaycan dövlətçiliyi tarixində mühüm səhifədir. Bu tarix həm xalqımızın mübarizə ruhunu və əzmkarlığını, həm də 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı Qələbəni təcəssüm etdirir. Eyni zamanda, təsis edilmiş şəhər günü işğaldan azad edilmiş ərazilərin mənəvi-tarixi və siyasi-strateji əhəmiyyətini vurğulayır, tarixi hadisələrin xatırlanması və azadlıq uğrunda apardığımız mübarizənin nəticələrinin gələcək nəsillərə çatdırılması məqsədini daşıyır.

Laçın həm tarixi-mənəvi, həm də strateji-siyasi baxımdan xüsusi önəm daşıyır. 1992-ci ildən işğal altında olan bu ərazi, Qarabağı Ermənistanla birləşdirən əsas tranzit funksiyasını yerinə yetirərək regionun təhlükəsizlik mühitində kritik rol oynayırdı. Laçın şəhəri işğalçı qüvvələr üçün əsas logistik mərkəz olmuş, yüksəklikləri, kommunikasiya xətləri və təbii sərvətləri ilə milli təhlükəsizliyimiz üçün həyati əhəmiyyət kəsb etmişdir.

44 günlük Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi oldu. 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanat əsasında Ermənistan ordusu məğlubiyyətini qəbul etdi və Laçın rayonu 1 dekabr 2020-ci ildə döyüşsüz olaraq Azərbaycana qaytarıldı. Bu, xalqın sarsılmaz iradəsi, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin siyasi qətiyyəti və şanlı ordumuzun qəhrəmanlığının birgə nəticəsi olaraq tarixə düşdü.

2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndlərinin tam nəzarətə götürülməsi ilə ölkəmizin sərhədləri bərpa olundu. Ardınca, 2023-cü il aprelin 23-də Laçında sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycan üçün strateji və tarixi əhəmiyyət daşıyan bir addım oldu. Bu məntəqə həm beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyünün qorunmasına, həm də dövlətin regionda mövqeyinin gücləndirilməsinə xidmət edir.

Laçın rayonunun dağlıq və mürəkkəb relyefi hərbi-strateji baxımdan əhəmiyyətini artırır. Buradakı yüksəkliklər Azərbaycanın həm Qarabağ daxilində, həm də Ermənistanla sərhəddə təhlükəsizliyini təmin etməsinə imkan yaratdı. Laçının azad edilməsi separatçı qüvvələrin təchizat yollarını kəsərək onların hərbi potensialının zəifləməsinə səbəb olmuş, Azərbaycan Ordusuna strateji üstünlük qazandırmışdır. Bu, 2023-cü ilin payızında həyata keçirilmiş antiterror tədbirlərinin uğurla başa çatmasına imkan yaratdı.

Laçın üzərində nəzarətin bərpası həm də region ölkələri ilə diplomatik əlaqələrin inkişafına təkan verdi. Azərbaycan həm Türkiyə, həm də digər tərəfdaşlarla əməkdaşlığını möhkəm əsaslar üzərində quraraq regional siyasətdə aparıcı aktor mövqeyini gücləndirdi. Eyni zamanda, bu hadisə beynəlxalq ictimaiyyətin diqqətini işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə yönəltdi.

İqtisadi və sosial baxımdan Laçın geniş potensiala malikdir. Zəngin yaylaqlar, meşə massivləri və təbii resurslar heyvandarlıq, arıçılıq və balıqçılıq kimi sahələrin inkişafına imkan yaradır. Şəhər və kəndlərin bərpası, yolların, elektrik və su xətlərinin çəkilməsi, məktəb və xəstəxanaların inşası regionda həyat standartlarını yüksəldir və investisiya mühitini gücləndirir.

Xüsusi diqqət çəkən layihələrdən biri Laçın Beynəlxalq Hava Limanıdır. Bu liman şəhəri Azərbaycanın digər bölgələri və dünya ilə birləşdirir, iqtisadi, turizm və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Modern terminal infrastrukturu və uçuş-enmə zolağı bölgənin beynəlxalq statusunu artırır və post-müharibə dövründə iqtisadi siyasətin uğurlu nümunəsi kimi çıxış edir.

Laçınlıların doğma torpaqlara qayıdışı isə prosesin mənəvi tərəfidir. “Böyük Qayıdış” proqramı çərçivəsində yüzlərlə ailə yeni evlərə yerləşdirilmiş, şəhər və kəndlərdə məktəb, xəstəxana, mədəniyyət ocaqları və digər sosial obyektlər tikilmişdir. Bu, milli kimliyin bərpasında, tarixi yaddaşın qorunmasında və gələcək nəsillərə örnək olmasında həlledici rol oynayır.

Nəticə etibarilə, 26 avqust – Laçın şəhəri günü Azərbaycanın hərbi-siyasi qələbəsinin, dövlətin qətiyyətinin, xalqın iradəsinin və gələcəyə inamın rəmzidir. Laçın yalnız azad olunmuş torpaqların bərpası və yeni həyatın qurulması ilə deyil, həm də milli yaddaşın qorunması və regionda davamlı inkişafın təmin olunması ilə Azərbaycanın qürur mənbəyinə çevrilmişdir.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button