Azərbaycan üzv dövlətlərlə ikitərəfli formatda əlaqələrimizi fəal şəkildə inkişaf etdirir
Ölkəmizin yerləşdiyi Cənubi Qafqaz-Xəzər regionu planetdə strateji mövqeyi ilə diqqəti cəlb edir. Lakin bu yalnız dünyanın siyasi xəritəsində belədir. Real həyatda isə vəziyyət tamamilə fərqlidir: supergüclər və regional aktorlar bu regionda mövqelərini möhkəmlətməyə çalışır, məqsədlərinə nail olmaq üçün hər cür vasitələrə əl atır, burada qovşaq rolu oynayan Azərbaycan isə həmişə risklərlə qarşı-qarşıya qalır. Odur ki, belə bir mürəkkəb regionda müstəqil siyasət yürütmək elə də asan deyil və dövlət rəhbərliyindən xüsusi məharət tələb edir. Azərbaycan Respublikasının Prezidenti siyasi məharəti ilə milli müstəqilliyə qənim kəsilmiş xarici qüvvələrin istəklərini puç edir. Müasir Azərbaycan böyük tarixlə müqayisədə qısa zaman kəsiyində beynəlxalq aləmdə etibarlı tərəfdaş imicinin sahibi olmuş və nəticə etibarilə dünya adlı ailədə layiqli yer tutmuşdur.
Bu gün ölkəmizin beynəlxalq aləmdə çəkisi mütəmadi olaraq artır. Hər bir dövlət kimi, Azərbaycan da təcavüzkar Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə mehriban münasibətlər yaratmağa xüsusi əhəmiyyət verir. Özü də dövlətimiz bu işdə təşəbbüskar kimi irəli çıxır. Regional iqtisadi inkişaf naminə həm ikitərəfli formatda, həm də üçtərəfli və hətta dördtərəfli formatda qonşuluq əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Azərbaycanın Türkiyə, İran, Rusiya, Gürcüstan və Türkmənistanla çoxtərəfli formatda əməkdaşlığı bəhrəsini verir, mehriban qonşuluq münasibətində olan ölkələrin inkişafına əhəmiyyətli töhfə verir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında qovşaq kimi fəal iştirak edir. Bu gün sözügedən nəqliyyat dəhlizlərində 10-dan çox ölkə əməkdaşlıq edir. Yalnız bir ölkə – Azərbaycan hər iki layihədə iştirak edir. Coğrafi mövqedən səmərəli istifadənin nəticəsidir ki, Azərbaycan artıq Avrasiyanın nəqliyyat mərkəzinə çevrilmişdir.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan heç kimdən asılı olmayan xarici siyasət yürüdür, başqa ölkələrlə əlaqələrində ədalətə və beynəlxalq hüquqa əsaslanır. Bunun nəticəsidir ki, dövlətimiz 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Təhlükəsizlik Şurasına üzvlük müddətində Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə layiqli töhfə vermiş və beynəlxalq siyasi həyatın fəal iştirakçısı kimi prinsipial mövqe nümayiş etdirmişdir. İndi ölkəmiz iki beynəlxalq təşkilata – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrlik edir. Bu gün Azərbaycan Respublikası tarixin son dərəcə mürəkkəb mərhələsində müstəqil xarici siyasətini uğurla həyata keçirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Biz xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik”.
Orxan Abdullazadə,
YAP-ın gənc fəalı