Avropa Şurası Parlament Assambleyasının qərəzli davranışı
Azərbaycan Respublikası qürurlu, müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir. Demokratiya bizim şüurlu seçimimizdir və biz 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində böyük irəliləyişlərə nail olmuşuq.
Azərbaycanın AŞPA-ya üzv olduğu 2001-ci ildən etibarən özünü etibarlı tərəfdaş kimi apardığını bildirən K.Nurullayeva deyib: “Ölkəmiz bu qurumdakı fəaliyyəti dövründə qaldırılan məsələlərlə bağlı hər zaman ədalətli mövqe sərgiləyib. Amma təəssüf ki, AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etməyib. Qərbdəki anti-Azərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər və bu gün də eyni siyasət yürüdülür”. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilməyənlər ölkəmizlə diktə dilində danışa biləcəklərini düşünürdülər.
AŞPA-nın ölkəmizə qarşı sərgilədiyi “ikili standart”la əlaqədar, bu təsisat qarşısına qoyduğu hədəflərdən tam kənara çıxmış, ayrı-ayrı fərdlərin təsiri altında qərəzli davranışlarına davam edir. Azərbaycan bu təsisata üzv olan gündən dəfələrlə Ermənistanın təcavüz siyasəti ilə əlaqədar addımların atılmasını tələb etməsinə baxmayaraq, məhz Assambleya işğal faktorunun onların predmeti olmadığını qeyd edib, yalnız ara-sıra bir neçə bəyanat verməklə kifayətlənib.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi.
2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövləti – Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab vermək barədə qınamayıb. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir.
Azərbaycanın təcavüz, işğal və zorakı separatizm üzərində tarixi Qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sonra biz Azərbaycanı ləkələmək, Azərbaycan xalqına uzun müddətdir inkar edilən ədalətin bərpası istiqamətində ölkənin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzəyik. Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən bizə deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir.
AŞPA Qarabağ məsələsinin həllində heç bir faydalı rol oynamadı. Əksinə, son addımları ilə Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından çıxmasına yol aça bilər. Çünki rəsmi Bakı Almaniya və Fransanın anti-Azərbaycan platformasına çevirdiyi qurumun obyektivliyinə güvənmir.Məhz bu güvənsizliyə və AŞPA-nın bugünkü qərarına görə Azərbaycan nümayəndə heyəti Bəyanat yayaraq, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırması barədə qərar qəbul etdiyini açıqlayıb.
İbrahimli Fərid,
Xəzər rayonu, 120 nömrəli tam orta məktəbin direktor müavini