Analitika

Avropa Şurası Parlament Asambleyası riyakarlıgı təzahür platformasına çevrilib

Bu gün Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib.

Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatları çərşənbə günü keçirdiyi müzakirədə Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etməyib.

Azərbaycanın Qarabağ Zəfərindən sonra Avropa təşkilatlarının əksəriyyətinin ölkəmizə qarşı qərəzli addımlarının sayı çoxalmağa başladı. Heç şübhəsiz, belə addımlar bütün planları puç olan Fransanın təşkilatçılığı və təhriki ilə atılır. Torpaqlarımız işğal altında olan zaman susan qurumlar indi ölkəmizə təsir göstərmək üçün yeni mexanizmlər tətbiq edirlər. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının açılış günü Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi və səbəb kimi Avropa Şurasının təməl prinsipləri olan fərdi azadlıq, qanunun aliliyi, öhdəliklərin davamlı şəkildə yerinə yetirilməməsi normalarının göstərilməsi belə qərəzli təşkilatların artıq ortalığa ikili standartlardan başqa yeni ideya və prinsip qoya bilmədiyini sübuta yetirdi. Regionda yeni cücərən sülh ümidlərini məhv etməyə yönəlmiş belə qərarlar 75 yaşlı Avropa Şurasına nüfuz gətirməyəcək, əksinə, bu zamana qədərki fəaliyyətinə kölgə salacaq. Azərbaycan beynəlxalq hüququn pozulması halını aradan qaldırıb. BMT, ATƏT və Avropa Şurası kimi çoxüzvlü təşkilatların təməl prinsiplərinə, həm də “müharibə qanunu” kimi tanınan beynəlxalq humanitar hüququn normalarına tam əməl edib. Bu gün dünyanın müxtəlif yerlərində gedən müharibələrdə mülki insanların, infrastrukturun kütləvi şəkildə necə məhv edildiyinin şahidi oluruq.“Rəsmi Bakı Qələbədən sonra erməniəsilli sakinlərin Azərbaycanda yaşamaları üçün beynəlxalq hüquqa və təcrübəyə əsaslanan təkliflərini dəfələrlə səsləndirib. Lakin bəzi qüvvələrin təxribatı ilə ermənilər könüllü şəkildə ərazimizi tərk etdilər. Köçənlərə təzyiqin olmamasına dair ermənilərin özləri həm Azərbaycanın, həm də Ermənistanın media nümayəndələri ilə söhbətlərində qeyd ediblər. Eyni zamanda, BMT missiyası da bölgəyə səfər etmişdi. Təşkilat səfərin yekununa dair verdiyi bəyanatda da göstərmişdi ki, erməni sakinlərin köçmələrində Azərbaycanın müdaxiləsi olmayıb. Xankəndi şəhərində mülki və ictimai obyektlərə, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib. Missiya Azərbaycan hökumətinin ərazidə səhiyyə və digər məişət xidmətlərinin bərpasına çalışdığını da qeyd etmişdi.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. 2020-ci il Vətən müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi.Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Sözügedən hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi. Azərbaycan bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan sülh istəyir. 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük. Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim etdik. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bu cür addımlarımızın nəzərə alınmaması isə AŞPA-nın siyasi riyakarlığını bir daha təsdiq etmiş olur.

Kərimov Qara,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button