Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
Ölkəmizin ümumi ticarət dövriyyəsinin 40 faizdən çoxunun bu beynəlxalq qurumun payına düşməsi, eyni zamanda, ixracın, təxminən, yarısının məhz Aİ-yə yönəlməsi bunun bariz ifadəsidir. Hazırda beynəlxalq aləmdə baş verən regional və lokal münaqişələrin bir səbəbi də (bəlkə də əsas səbəbi) məhz bununla bağlıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, “…enerji resursları nəinki çiçəklənmə, proqnozlaşdırma və sabitlik mənbəyi ola bilir, həmçinin bəzən rəqabət və düşmənçilik mənbəyinə də çevrilir”. Hazırda dünyada karbohidrogen ehtiyatları, enerji mənbələri uğrunda mübarizə səngimək bilmir. Zəngin təbii yanacaq ehtiyatlarına malik olan dövlətimiz, yürütdüyü uğurlu siyasət nəticəsində həm özünün enerji təhlükəsizliyini təmin edir, həm də digər ölkələrə dəyərli töhfəsini verir. Bir-birinin ardınca həyata keçirilən infrastruktur layihələri arasında enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə dair proqramlar, layihələr mühüm yer tutmaqdadır. Ötən ilin sonuncu günü tam şəkildə istifadəyə verilən Cənub Qaz Dəhlizi məhz enerji təhlükəsizliyi layihəsidir. Bu boru xətti vasitəsilə ölkəmiz ilk dəfə olaraq Avropa bazarlarına böyük həcmdə mavi yanacaq nəql etməklə həm də etibarlı qaz ixracatçısı kimi tanınmağa başlamışdır.
Avropa İttifaqının gələcəkdə də qaz istehlakı idxal hesabına artmaqda davam edəcək və bu tələbatın ödənilməsində Xəzər regionu, xüsusən də Azərbaycan böyük rol oynayacaqdır. Xəzər regionunun dünya enerji məkanındakı yeri və rolu günü-gündən artır. Bu həm də onunla bağlıdır ki, Xəzər hövzəsi ölkələri enerji resursları həcminə görə dünyanın ən əhəmiyyətli ikinci (Fars körfəzi regionundan sonra) geo-iqtisadi bölgəsi hesab olunur, həm də Bakı-Tbilisi-Ceyhan neft boru kəməri dünyada ən təhlükəsiz enerji məhsullarının dünya bazarlarına, istehlakçılara çatdırılması marşrutudur.
Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində çox çətin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur.
Ulu öndər Heydər Əliyevin neft strategiyası sayəsində 1994-cü il sentyabrın 20-də Bakının möhtəşəm “Gülüstan” sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü”nə dair müqavilə imzalanmışdır. Azərbaycan ilə bir sıra xarici ölkələrin neft şirkətləri arasında imzalanmış müqavilə tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırılmış, təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmışdır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkətləri (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişlər. Bununla da “Yeni neft strategiyası” uğurla həyata keçirilməyə başlanmışdır.
Bakı-Tbilisi-Ceyhan layihəsinin birbaşa təşəbbüskarı olan ulu öndər Heydər Əliyev Azərbaycanın qarşısında yeni üfüqlər, imkanlar açacaq, ildə 50 milyon ton Azərbaycan nefti nəql etmək üçün nəzərdə tutulan, kəmərin əsas ixrac kəməri kimi çəkiləcəyinin tam müəyyənləşməsi 26 aprel 1998-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Trabzon görüşündə məlum oldu. Hər üç prezident aydın şəkildə bildirdilər ki, əsas ixrac boru kəməri Bakı-Tbilisi-Ceyhan kəməri olmalıdır və bununla da kəmərin reallaşması üçün siyasi qərar verilmiş oldu. 1998-ci il oktyabrın 29-da, Ankarada Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri tərəfindən Bakı-Tbilisi-Ceyhan marşrutu ilə Əsas İxrac Kəmərinin çəkilməsini müdafiə edən Ankara bəyənnaməsinin imzalanması ilə bu layihənin ilkin razılaşması əldə olunsa da “Əsrin müqaviləsi” imzalanandan sonra zəruri kəmərlərin hansı ölkələrdən keçəcəyi məsələsi uzun müddət müzakirə olunan aktual məsələlərdən biri kimi əsas müzakirə obyekti idi. İlk gündən bununla əlaqədar müxtəlif təklif və ideyalar irəli sürülür, hətta bəzi dövlətlərin rəsmi Bakıya kənar təzyiq cəhdləri özünü qabarıq büruzə verirdi. Qarşılıqlı inamsızlıq üzündən bəzən bu istiqamətdə aparılan müzakirələr nəticəsiz qalırdı. Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik, milli təəssübkeşlik iradəsi, o zaman ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin isə danışıqlar prosesində nümayiş etdirdiyi diplomatik məharəti, tərəfdaşı inandırmaq bacarığı sayəsində Azərbaycan neftinin nəqli marşrutları barədə optimal qərarlar qəbul edildi.
Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Bunun təbii bir nəticəsi olaraq zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər.
Geosiyasi ədəbiyyatda enerji təhlükəsizliyi milli təhlükəsizliyin mühüm tərkib hissələrindən biri kimi qiymətləndirilir. Enerji təhlükəsizliyi enerji istehlakı üçün təbii resursların mövcudluğu və ölkənin milli təhlükəsizliyi arasında əlaqə növüdür.Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmiz önəmli addımlar atmışdır. Müstəqillik qazandıqdan sonra Azərbaycan öz neft məhsullarını dünya bazarına çıxarmaq üçün iki neft kəmərini istifadəyə verdi. Azərbaycanın enerji strategiyasının önəmli mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Azərbaycanın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır.
İslam Bafadarov,
YAP-ın gənc fəalı