AnalitikaGündəmSiyasət

Avqustun 21-i Kəlbəcərdə milli iradə və qələbə günüdür

Avqustun 21-i Azərbaycan tarixində əlamətdar günlərdən biri kimi yadda qalacaq, çünki Prezident İlham Əliyevin Kəlbəcərə səfəri xalqımızın milli iradəsini, qələbə əzmini və dövlət-xalq birliyini nümayiş etdirdi. Kəlbəcərin işğaldan azad olunması Vətən müharibəsinin və sonrakı diplomatik proseslərin ən mühüm nəticələrindən biri kimi diqqət çəkir. Bu zəfər xalqımızın sarsılmaz iradəsi, əsgər və zabitlərimizin qəhrəmanlığı və dövlət rəhbərliyinin uzaqgörən siyasi-hərbi strategiyasının nəticəsi idi.

1993-cü ildə baş vermiş işğal Azərbaycanın ən böyük faciələrindən biri olmuş, strateji mövqeyə malik Kəlbəcər düşmən üçün xüsusi hədəfə çevrilmişdi. Uzun illər Minsk qrupunun danışıqları heç bir nəticə verməmiş, beynəlxalq birlik işğalçıya qarşı ciddi addımlar atmamışdı. Lakin Azərbaycan xalqı bilirdi ki, tarixi ədalət yalnız güclü dövlət və güclü ordu ilə bərpa oluna bilər.

2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qəhrəmanlığı və düzgün hərbi planlaşdırma nəticəsində Kəlbəcərin döyüşsüz azad olunması ilə nəticələndi. 2023-cü ilin 19-20 sentyabrında keçirilən lokal antiterror əməliyyatları isə ölkənin suverenliyini tam bərpa etdi və separatizmin kökü kəsildi.

Kəlbəcərin bərpası isə Böyük Qayıdış Proqramı çərçivəsində sürətlə həyata keçirilir: şəhərə işıq, qaz, su xətləri çəkilib, yollar salınıb, mina təmizlənməsi aparılıb, yeni məktəblər və modul tipli təhsil müəssisələri istifadəyə verilib. Dövlətimizin başçısının sözlərinə görə, Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir.

Yeni Azərbaycan Partiyasının fəalı
Fidan Məmmədova

Oxşar Xəbərlər

Back to top button