Analitika

ATƏT-in Minsk Qrupu 28 il ərzində heç bir nəticə əldə edə bilmədi

“ATƏT-in Minsk Qrupunun 28 ildir həll edə bilmədiyi problem Azərbaycan ordusunun 44 günlük uğurlu əməliyyatları ilə sona çatdı, Ermənistan atəşkəs anlaşmasına imza atmaq məcburiyyətində qaldı”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bildirmişdir.

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Təbrikə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev, bunun Azərbaycan xalqı və dövləti üçün tarixi məqam olduğunu qeyd etdi, bu yeni şəraitin regionda sülhün və sabitliyin gücləndirilməsi üçün imkanlar yaratdığını vurğuladı.

Dövlətimizin başçısı görüşdə qeyd etdi ki, 1992-ci il martın 24-də ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupun 1997-ci ildən həmsədrləri (ABŞ, Fransa və Rusiya) münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıb. Bu qrupun yaradılmasınınməqsədi münaqişəni həll etmək, tərəflər arasında sülhə nail olmaqdır. ATƏT-in Minsk qrupuna həmsədrlik edən böyük dövlətlər münaqişədə kimin haqlı olduğunu gözəl başa düşürlər. Ancaq Minsk qrupu yarandığı vaxtdan indiyədək qəbul etdiyi sənədlərdə bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən nəinki danışılmır, əksinə, müxtəlif vaxtlarda digər beynəlxalq təşkilatların da işğal faktının əks olunduğu sənədlərin qəbul edilməsinə etiraz edərək məsələnin yalnız Minsk qrupu çərçivəsində həll edilməsinə üstünlük verib, daha doğrusu, Azərbaycanın işğal edilmiş əraziləri terminini qəbul etməyiblər. ATƏT-in Minsk qrupunun bu təsirsizliyi və susqunluğu qarşısında Ermənistan sentyabrın 27-də Dağlıq Qarabağda Azərbaycana qarşı yeni təxribatlara başladı. Erməni qüvvələri Azərbaycanın mövqelərinə və mülki yaşayış yerlərinə hücum etdikdən sonra Azərbaycan ordusu bütün torpaqlarını Ermənistanın işğalından qurtarmaq üçün hərtərəfli hərbi əməliyyatlara başladı.

Azərbaycan ordusu torpaqlarını azad etmək üçün başladığı əməliyyatla Ermənistan ordusuna ağır zərbələr vuraraq bu ölkəni məğlub etdi. Ermənilər böyük itkilərlə geri çəkilərkən arxasında çoxlu silah-sursat qoydular. 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.

Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır deyə Cənab Prezident çıxışında bildirib.

Keçirilən görüşün hər iki tərəf üçün məhsuldar olduğunu deyə bilərik. Görüş zamanı mövcud vəziyyətə aydınlıq gətirilmiş, qarşıda duran məsələlər, gələcək perspektivlər müzakirə olunmuşdur.

Məşədibəşirzadə Nüşabə,
Xəzər rayonu, H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button