Analitika

Artıq ölkəmizdə nüfuzlu beynəlxalq tədbirlərin təşkili və keçirilməsi ənənə halını almışdır

Müasir dövrümüzdə təbiətdə baş verən iqlim dəyişiklikləri qlobal xarakter almış və dünyanın bütün nöqtələrində özünü göstərməkdədir. Bu iqlim dəyişikliklərinin dövlətlərin iqtisadiyyatına, insanların sağlamlığına, qida ehtiyatlarına, havanın ekoloji təmizliyinə,ətraf mühitin qorunmasına böyük təsiri var. Buna görə də dünya dövlətləri beynəlxalq miqyasda görüş və məsləhətləşmələr keçirir, bu problemləri aradan qaldırmaq, ekoloji tarazlığa nail olmaq üçün müxtəlif qərarlar qəbul edirlər. Təbii ki,enerji ehtiyatları ilə kifayət qədər zəngin olan ölkəmiz də bu qlobal problemlərə həsr olunmuş konfrans və seminarlarda iştirak edərək öz təklifləri ilə çıxış edir.

Bu günlərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları bu mövzuda təşkil olunmuş növbəti beynəlxalq toplantıda iştirak etmişdir. Bu, Azərbaycan dövlətinin növbəti uğuru, beynəlxalq miqyasda ölkəmizin nüfuzunun daha da artması deməkdir. Ən önəmli və sevindirici hal odur ki, bu toplantıda gələn il COP 29-un ölkəmizdə keçirilməsinin qərara alınmasıdır. Bu qərar bir neçə ölkə tərəfindən deyil, böyük əksəriyyət tərəfindən qəbul edilmişdir. Belə bir beynəlxalq toplantının ölkəmizdə keçirilməsi Azərbaycanın növbəti uğuru və növbəti qələbəsi deməkdir.

Artıq ölkəmizdə nüfuzlu beynəlxalq tədbirlərin təşkili və keçirilməsi ənənə halını almışdır. Bunun səbəbi ölkəmizdə ilk növbədə stabilliyin qorunub saxlanması və Azərbaycanın beynəlxalq aləmdə yerinin möhkəmlənməsidir. Azərbaycan artıq bütün sahələrdə öz sözünü deməyə qadir bir ölkəyə çevrilmişdir və nüfuzlu dövlətlər Azərbaycanın mövqeyini qəbul edir, dəstəkləyirlər. Ölkəmiz neçə illərdir ki, beynəlxalq aləmdə özünəməxsus xarici siyasətlə çıxış edir və bu siyasətin nəticələri də ölkəmiz üçün faydalıdır. Dünya ölkələri bu siyasəti qəbul edir və ölkəmizi dəstəkləyirlər. Ölkəmizin bu siyasəti nəticəsində müxtəlif ölkələrlə siyasi və iqtisadi əlaqələr möhkəmləndirilir, irimiqyaslı müqavilələr imzalanır və bütün bunlar ölkəmizin daha da inkişaf etməsinə səbəb olur. Azərbaycanın nüfuzunu artıran, əlaqələrini daha da genişləndirən bu xarici siya-sətin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə möhtərəm prezident və Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir.

Belə böyük bir tədbirin gələn il ölkəmizdə keçirilməsinə qərar verilməsində Azərbaycanın son üç ildə qazandığı naaliyyətlər, 44 günlük müharibədə geri aldığımız torpaqlar, bu il keçirilmiş anti-terror əməliyyatlarının uğurlu nəticələri və bütün bunların beynəlxalq səviyyədə Azərbaycanın haqq işi olduğunun təsdiq olunması mühüm bir faktordur. Bu göstərir ki,ölkəmizin yürütdüyü daxili və xarici siyasət möhkəm təməl üzərində qurulmuşdur. Bu siyasət dünya ölkələrinin çoxu tərəfindən dəstəklənir. Lakin, hələ də Azərbaycanın uğurlarını qəbul edə bilməyən, Azərbaycana qarşı barışmaz mövqedə duraraq işğalçı dövlət olan Ermənistanın mövqelərini müdafiə edən, az qala hər işdə ona kömək edən Fransa və onun kimi ölkələr qalmaqdadır. Azərbaycanda gələn il növbəti böyük bir beynəlxalq tədbirin keçirilməsi belə ölkələrə beynəlxalq ictimaiyyət tərəfindən sərt cavab kimi səslənir.

Dekabrın 15-də prezident İlham Əliyev beynəlxalq sesiyadakı çıxışında bildirmişdir ki, hələ də ölkəmizə ikili standartlarla yanaşan ölkələr qalmaqdadır. Onlar beynəlxalq birlik anlayışını təhrif edərək Azərbaycana başqa siyasətlə yanaşır və ölkəmizin uğurları üzərindən xətt çəkməyə çalışırlar. Lakin beynəlxalq birlik təkcə 30-40 ölkənin birliyi deyil, beynəlxalq birlik daha geniş anlayışdır və bizim üçün xoşdur ki, bu birlikdə bizim də öz mövqeyimiz var. Ölkəmiz Qoşulmama Hərəkatına dörd il uğurla sədrlik etmişdir. Bu 120 ölkənin dəstəyi ilə mümkün olmuşdu bu sədrlik prosesini ölkəmiz elə həyata keçirmişdir ki, onun səlahiyyətləri daha bir il də uzadılmışdır. Bu, əlbəttə ki, Azərbaycanın beynəlxalq aləmdə böyük nailyyətidir.

COP 29-un ölkəmizdə keçirilməsi ölkəmiz üçün böyük bir məsuliyyət deməkdir. Belə irimiqyaslı tədbir ölkəmizdə ilk dəfə keçiriləcək. Bu tədbirdə 10 minlərlə xarici qonaq iştirak edəcək. Müqayisə üçün deməliyik ki, Avropa oyunlarında təxminən 5 min idmançı iştirak etmişdi. Ancaq gələn il keçiriləcək tədbirdə təxminən 70-80 min xarici qonağın iştirak edəcəyi ehtimal olunur. Bütün ölkə inanır ki, neft-qaz ölkəsi olan, yaşıl enerji siyasətində öz mövqeyi olan Azərbaycan bu irimiqyaslı tədbirə lazımi hazırlıq işlərini həyata keçirəcək və tədbirin uğurla başa çatmasını, bu sesiyanın ölkəmizə yeni iqtisadi-siyasi uğurlar gətirməsini və ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasını təmin edəcəkdir.

Əliyev Akif,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button