Artan dinamika ilə inkişaf edən iqtisadi əlaqələr

Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bunun əsas səbəbi də Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərinə mühüm əhəmiyyət verməsidir. 11 Mart tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə, ənənələrə, dil və din eyniliyi olan hər iki dövlətin bu münasibətlərin inkişaf etdirilməsinə verdiyi önəmin göstəricisidir. Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır. Münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olmuşdur.
Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirmək qarşımızda duran əsas vəzifələrdəndir. Bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir. Yenidən Prezident seçilən İlham Əliyev bu il fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində diqqəti Türk dünyası ilə bağlı ölkəmizin siyasətinə yönəldib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir”. TDT-nin Azərbaycan üçün əsas beynəlxalq təşkilat olduğunu vurğulayan dövlətimizin başçısı əlavə edib: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”-demişdi. Qazaxıstanla Azərbaycan prezidentlərinin görüşü, iki ölkə arasında imzalanmış sənədlər ğlkə başçısı səviyyəsində Azərbaycanın Türk dünyasının inkişafına dair qətiyyətli mövqeyini nümayiş etdirir. Ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ-hüquqi baza tədricən daha da genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb.
Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Prezident İlham Əliyevin Qazaxıstana son səfəri 2023-cü il noyabrın 2-də olub. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak edib. Qazaxıstan lideri isə ötən il noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə işgüzar səfərdə olub. İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır.
Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib.
Azərbaycan və Qazaxıstan, o cümlədən media sahəsində də əməkdaşlıq edirlər. Belə ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi və Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi informasiya mübadiləsinə dair müqavilə imzalayıblar. AZƏRTAC və “Kazinform”, eyni zamanda, Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA), Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) və digər transmilli media platformalarında da əməkdaşlıq edirlər. Azərbaycan və Qazaxıstanın milli xəbər agentlikləri 1992-ci ildə TKA-nın (Türkdilli xəbər agentlikləri) həmtəsisçiləri olublar.
Ölkələrimiz arasında təhsil sahəsində də əməkdaşlıq mövcuddur. 2022-2023-cü tədris ilinin əvvəlinə olan məlumata əsasən, Azərbaycanda 87 Qazaxıstan vətəndaşı təhsil alır. Bakı Dövlət Universitetində müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına Qazax Mərkəzi, Qazaxıstanda isə L.Qumilyov adına Avrasiya Milli Universitetində Heydər Əliyev adına auditoriya, Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi” fəaliyyət göstərir.
Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərinə səfəri zamanı dövlət başçıları burada Qazaxıstan hökuməti tərəfindən tikilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini ziyarət ediblər. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini vurğulayıb.
Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.
Sara Quliyeva,
Xəzər rayonu, 125 №li tam orta məktəbin müəllimi



