AnalitikaGündəmSosial

Ana Dilinə Sadiqliyin Tarixi: Xalqın Dili, Xalqın Ruhudur

Ana dili hər bir xalqın milli kimliyini və mənəvi varlığını ifadə edən ən əsas atributlardan biridir. Azərbaycan xalqı tarix boyu dilinə dərin sevgi və sədaqətlə yanaşaraq onu qorumuş və inkişaf etdirmişdir. Ana dilimiz təkcə rabitə vasitəsi deyil, həm də milli düşüncənin, ədəbi yaradıcılığın və mənəvi irsin daşıyıcısı olmuşdur. Xalqımız laylalarla, nağıllarla, atalar sözləri ilə bu dili nəsildən-nəslə ötürmüşdür. Dilimiz Nizami, Füzuli, Xətai kimi klassiklərin poetik dünyasında zirvəyə ucalmışdır. Onların əsərləri vasitəsilə bu dil həm ədəbi, həm də fəlsəfi cəhətdən zənginləşmişdir.

Əsrlər boyunca yazılan dastanlarımız, xalq mahnılarımız və aşıq sənətimiz bu dildə yaşadılmışdır. Azərbaycan dili bizim tarixi yaddaşımızın səsinə, ruhumuzun nəfəsinə çevrilmişdir. Təbii ki, bu yol asan olmamışdır – siyasi təzyiqlər və ideoloji basqılar dövründə dilimiz bir çox çətinliklərlə üzləşmişdir. Lakin xalqımız heç zaman ana dilindən üz döndərməmişdir. Onu gündəlik həyatında yaşadaraq, mənəvi sərvət kimi qorumuşdur.

Ədəbi mühitdə dilin mövqeyinin gücləndirilməsi ilə bərabər, ailə və məişət içində də bu dilin davamlılığı təmin olunmuşdur. Ana dilinə olan bu bağlılıq milli birlik və həmrəyliyin əsas təməlini təşkil etmişdir. Müxtəlif dövrlərdə siyasi-ictimai vəziyyət dəyişsə də, ana dilimiz daim öz mövqeyini qorumağı bacarmışdır. Müstəqil Azərbaycanın qurulması ilə dilimizin statusu daha da möhkəmləndi və inkişafına yeni imkanlar açıldı. Dövlət səviyyəsində qəbul edilən sənədlər və həyata keçirilən islahatlar dilin hərtərəfli inkişafına xidmət göstərdi. Bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, dünya miqyasında da tanınmağa başlamışdır.

Ana dili uğrunda aparılan mübarizə xalqımızın milli dirənişinin və mənəvi bütövlüyünün simvoluna çevrilmişdir. Dilimizi qorumaq və zənginləşdirmək hər bir vətəndaşın borcudur. Bu dil bizim kimliyimizdir, keçmişimizin səsi və gələcəyimizin zəmanətidir. Məhz bu baxımdan, Azərbaycan dili xalqın ruhunun daşıyıcısı olaraq tarixin bütün mərhələlərində öz möhtəşəmliyini qoruyub saxlamışdır.

Əsədzadə Fidan
Yeni Azərbaycan Partiyasının fəalı

Oxşar Xəbərlər

Back to top button