AnalitikaGündəmSiyasət

Ana dilimiz – milli kimliyimizin əsas dayağı

Azərbaycan xalqının milli-mənəvi sərvətləri sırasında ana dili xüsusi yer tutur. Dil təkcə ünsiyyət vasitəsi deyil, xalqın tarixini, mədəniyyətini, dünyagörüşünü və milli kimliyini yaşadan ən böyük xəzinədir. Min illər boyu müxtəlif tarixi sınaqlardan keçən Azərbaycan dili bu gün müstəqil dövlətimizin rəsmi dili kimi öz qüdrətini, zənginliyini və inkişaf potensialını nümayiş etdirir. Hər il avqustun 1-də qeyd olunan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü də məhz bu müqəddəs dəyərin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi və latın qrafikalı Azərbaycan əlifbasına keçid xalqımızın milli özünüdərkinin və müstəqillik ideallarının mühüm tərkib hissəsidir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dilinin dövlət dili statusu daha da möhkəmləndirilmiş, dilimizin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Məhz Ulu Öndərin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilmişdir. Bu qərar ana dilimizin qorunması və inkişafı istiqamətində atılmış tarixi addımlardan biri kimi qiymətləndirilir.

Müstəqil Azərbaycanın memarı Heydər Əliyev hər zaman bildirirdi ki, xalqı xalq edən onun dili, tarixi və mədəniyyətidir. O, Azərbaycan dilinin saflığının qorunmasını, zənginləşdirilməsini və dövlət idarəçiliyində geniş tətbiqini daim diqqət mərkəzində saxlamışdır. Bu siyasi kurs bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı sərəncam və fərmanlar Azərbaycan dilinin inkişafına, düzgün istifadəsinə, eləcə də qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verir.

Bu gün Azərbaycan dili beynəlxalq tədbirlərdə, nüfuzlu təşkilatlarda və diplomatik platformalarda səslənən, müstəqil dövlətimizin gücünü və nüfuzunu əks etdirən dildir. Azərbaycanın artan beynəlxalq mövqeyi ana dilimizin də nüfuzunu yüksəldir. Eyni zamanda, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə Azərbaycan dilinin internet məkanında, elektron resurslarda və süni intellekt texnologiyalarında geniş tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Ana dilimizin saflığını qorumaq hər bir vətəndaşın mənəvi borcudur. Xüsusilə gənc nəslin Azərbaycan dilini düzgün öyrənməsi, ədəbi dil normalarına riayət etməsi və milli-mədəni irsimizə sahib çıxması gələcəyimizin etibarlı təminatıdır. Dilə sevgi və hörmət vətənpərvərliyin ən mühüm göstəricilərindən biridir.

Avqustun 1-i bizə bir daha xatırladır ki, dilinə sahib çıxan xalq öz dövlətçiliyinə, milli ruhuna və gələcəyinə sahib çıxır. Azərbaycan dili yaşadıqca Azərbaycan dövləti də öz milli-mənəvi dəyərləri üzərində daha da möhkəmlənəcək, dünya birliyində layiqli yerini qoruyub saxlayacaqdır.

Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button