
Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətinin hüquqi dövlət, humanizm və sosial ədalət prinsiplərinə sadiqliyinin növbəti bariz nümunəsidir. Bu təşəbbüs yalnız hüquqi xarakter daşımır, eyni zamanda cəmiyyətə ünvanlanmış mühüm sosial və mənəvi mesajdır. Dövlətin gücünün insan hüquqlarına hörmət və vətəndaşa qayğı üzərində qurulduğunu bir daha nümayiş etdirir. Azərbaycan Respublikasının Konstitusiyası ölkədə hüquqi münasibətlərin əsasını təşkil edir, insan və vətəndaş hüquq və azadlıqlarının təminatçısı rolunu oynayır. Suverenlik isə xalqın iradəsinin ifadəsi, dövlətin müstəqil siyasət yürütmək imkanının hüquqi və siyasi təminatıdır.
“Konstitusiya və Suverenlik İli”nin elan edilməsi bu dəyərlərin cəmiyyət həyatında daha dərindən təşviq olunmasına, hüquqi şüurun gücləndirilməsinə xidmət edir. Məhz bu kontekstdə amnistiya təşəbbüsünün irəli sürülməsi xüsusi rəmzi məna daşıyır. Amnistiya institutu Azərbaycan dövlətinin cəza siyasətində humanist yanaşmanın mühüm alətlərindən biridir. Bu mexanizm cəzaçəkmə müəssisələrində olan, əsasən az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş şəxslərə yenidən cəmiyyətə qayıtmaq imkanı yaradır. Amnistiya yalnız azadlığa buraxılma aktı deyil, eyni zamanda islah olunma, səhvlərdən nəticə çıxarma və yeni həyat mərhələsinə başlamaq üçün verilən bir şansdır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə indiyədək həyata keçirilən amnistiya aktları minlərlə insanın taleyində müsbət dönüş yaradıb. Bu qərarlar nəticəsində ailələr yenidən birləşib, sosial gərginlik azalıb, cəmiyyətə reinteqrasiya imkanları genişlənib. Xüsusilə həssas sosial qruplara aid olan şəxslər üçün bu cür addımlar mühüm sosial dəstək xarakteri daşıyır. Amnistiya təşəbbüsü eyni zamanda cəmiyyətdə sosial barışın möhkəmləndirilməsinə xidmət edir. Dövlət və vətəndaş arasında qarşılıqlı etimadın güclənməsi, hüquq-mühafizə orqanlarına inamın artması bu kimi humanist qərarların mühüm nəticələrindəndir. Güclü dövlət anlayışı yalnız sərt hüquqi mexanizmlərlə deyil, eyni zamanda mərhəmət, ədalət və sosial məsuliyyət prinsipləri ilə formalaşır.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü bir daha göstərir ki, Azərbaycan dövləti hüququn aliliyini təmin etməklə yanaşı, insan amilini daim diqqət mərkəzində saxlayır. Konstitusiyanın ruhuna uyğun olaraq qəbul edilən bu qərar insan hüquqlarının qorunmasına, cəmiyyətin sağlam inkişafına və milli birliyin möhkəmlənməsinə xidmət edir. Nəticə etibarilə, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü hüquqi, sosial və mənəvi baxımdan mühüm əhəmiyyət daşıyan tarixi addımdır. Bu təşəbbüs Azərbaycan dövlətçiliyinin humanist mahiyyətini əks etdirir, hüquqi dövlət quruculuğunun ardıcıl və məqsədyönlü şəkildə davam etdiyini bir daha sübut edir.
Orxan Abdullazadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



