Almaniya neytrallıq nümayiş etdirir

Bildiyimiz kimi, Prezident İlham Əliyevin cari ilin 28 fevral tarixində Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı İlham Əliyev, keçən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd etdi. Almaniya Federativ Respublikasının ən öndə gedən şirkətlərinin nümayəndələrindən ibarət heyətinə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “HHLA International” şirkətinin icraçı direktoru Filip Sveens, “Uniper Global Commodities SE” şirkətinin birinci vitse-prezidenti Uve Fip, “VNG” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ulf Heitmüller, “Rohde & Schwarz” şirkətinin regional satış direktoru Viktoriya Gerasimova və “Rhenus Group” beynəlxalq nəqliyyat şirkətinin layihələr üzrə idarə heyətinin direktoru Heinrix Kerstgens daxildir.
Prezident İlham Əliyev iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev eyni zamanda, Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğuladı.
Ölkə başçısı Beynəlxalq hüquq normalarının Azərbaycanın tərəfində olduğunu deyərək, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir söylədi. Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd etdi ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər.
Belə ki Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür.
Dövlətimiz haqqında planlı şəkildə pis təəssürat yaradılır. Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. Azərbaycan davamlı inkişaf edən ölkədir. Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir.
XX əsrin əvvəllərində Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşdi və müstəqilliyin bərpasından 4 ay sonra ermənilər Xocalı soyqırımını törətdilər. Yüzlərlə şəhər və kəndimizi işğal etdilər, oraları dağıtdılar.
Otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər.
Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik. BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin həlli üçün əsas bazadır, hüquqi bazadır. Dünyaya bir daha sübut edə bilmişik ki, biz haqlıyıq. Baxmayaraq ki, bizə qarşı kampaniyalar aparılır, erməni lobbi təşkilatları bizə qarşı kampaniyalar aparır. Ancaq bu kampaniyalar beynəlxalq təşkilatların qərarlarına təsir etməməlidir. Biz siyasi və diplomatik uğurlar qazana bilmişik.Bu gün Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid edilmiş və bu siyasət öz nəticələrini vermişdir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmışdır. Bunun başqa yolu yox idi. Azərbaycan heç vaxt imkan verməz ki, ərazisində qondarma erməni dövləti yaradılsın.
Eyni zamanda, biz yaxşı bilirik və bunu tarix, yaxın tarix və bölgədə gedən proseslər göstərir ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmüşük, bu gün də görürük. Demək olar ki, son bir neçə il ərzində beynəlxalq davranış qaydaları dəyişdi, beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq.
Mixael Harms Münxendəki görüşdən az müddət sonra yenidən Azərbaycan Prezidentinin qəbulundan şərəf hissi keçirdiklərini bildirdi və buna görə minnətdarlığını ifadə etdi. Qonaq ölkəmizə infrastruktur, sənaye, kənd təsərrüfatı, bank və maliyyə, alternativ enerji və digər sahələrlə məşğul olan şirkətlərin rəhbəri və nümayəndələri ilə gəldiklərini vurğulayaraq Azərbaycanda səmərəli görüşlər keçirdiklərini bildirdi. O, müzakirələr zamanı belə bir nəticəyə gəldiklərini qeyd etdi ki, Azərbaycan iqtisadi islahatlarla bağlı böyük işlər həyata keçirir. Digər nəticə bundan ibarətdir ki, ölkələrimizin yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanları var. O, vurğuladı ki, Almaniya biznes dairələri Azərbaycanın Cənubi Qafqazda sülh proseslərinə sadiqliyini yüksək qiymətləndirir.
Əliyev Elvin,
Xəzər rayonu, 149 nömrəli məktəbin müəllimi



