Analitika

Almaniya-Azərbaycan əlaqələrinin inkişafı bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir

1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyan Berlinlə Bakı arasında həmin ilin fevralın 20-də diplomatik münasibətlər qurulub. Altı ay sonra – sentyabrın 2-də Azərbaycanın Almaniyada səfirliyi, sentyabrın 22-də isə bu ölkənin Bakıda diplomatik nümayəndəliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Xalqlarımız arasında əlaqələrin də dərin tarixi kökləri var. Azərbaycan və Almaniya arasında siyasi əlaqələr hazırda da yüksək səviyyədədir, effektiv dialoq mövcuddur. Onu da xatırlatmaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyev 1996-cı il iyulun 1-4-də Almaniyada rəsmi səfərdə olub. Təsadüfi deyil ki, Berlin bu illər ərzində Avropada Bakının ən vacib siyasi-iqtisadi tərəfdaşlarından birinə çevrilib. Eləcə də, Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan “Şərq Tərəfdaşlığı” təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısıdır. Almaniya dünya siyasətində öz yeri və rolu olan ölkədir. Ona görə də Prezident İlham Əliyevin bu dövlətə səfəri xüsusi əhəmiyyət daşıyır. Keçən ilin martında Berlində, iki ay əvvəl Münxendə Kansler ilə görüşdüyünü xatırladan dövlət başçısı bildirib: “İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir”. Azərbaycan lideri səfər zamanı ikitərəfli münasibətlərin pik həddə olduğunu xüsusi qeyd edib. O bildirib ki, son vaxtlar Almaniyaya səfərləri müntəzəm xarakter alıb və Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır. Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Münaqişənin həllində obyektiv mövqeyi ilə seçilib. Məsələn, Almaniya Qarabağda vaxtilə mövcud olan separatçı rejimi tanımayıb. Bununla da öz mövqeyini nümayiş etdirmiş olub. Almaniya bununla Fransadan fərqli olaraq iki ölkə arasında sülhün əldə edilməsində tərəfsizlik göstərib. Bu isə onun rəsmi Bakının daxili işlərinə qarışmaq niyyətində olmadığını göstərib. Elə bu gün də Kansler Olaf Şolts bu mövqeni bir daha təsdiqləyib. “Son görüşdə hər ikiniz (Azərbaycan və Ermənistanı nəzərdə tutaraq) məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz”, – deyən kansler Almaniyanın hər iki ölkəni lazımi kompromislər üçün dəstəkləməyə hazır olduğunu vurğulayıb. Göründüyü kimi, Azərbaycanla Almaniyanın münasibətləri hazırda sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan bundan sonra da Avropa üçün uzun illər əhəmiyyətli tərəfdaş olacaq.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button