Analitika

Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır

Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.

Cari ilin 26 aprel tarixi Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı mətbuat konfransında çıxışı ilə yadda qaldı. Həmçinin, Prezident İlham Əliyevin Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışı ilə yaddaqalan oldu.

Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir.

Eyni zamanda ölkə başçısı söylədi ki, Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta, demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini dayandırmışdır, buna artıq ehtiyac duyulmur.

Məhz, Azərbaycan sürətli və hərtərəfli inkişaf edən, dünya miqyasında müstəqil siyasət yürüdən, öz sözünü deyən güclü dövlətlər sırasındadır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim iqtisadi gücümüz, iqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi böyük dərəcədə güclənib. Bunun sayəsində ölkəmiz son illər çox böyük uğurlara imza atıb. Düşünülmüş, güclü sosial-iqtisadi siyasət, demokratiyanın və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi Azərbaycanı davamlı inkişaf etdirmək yolunda vacib amillər kimi önə çəkilib. Bütün bunlar bir daha ölkədə həyata keçirilən daxili və xarici  siyasətin uğurlu olduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqləyir.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.

Oxşar Xəbərlər

Back to top button