
Azərbaycan xalqının zəngin elmi-mənəvi irsində özünəməxsus yeri olan akademik Zərifə Əliyeva təkcə görkəmli alim kimi deyil, həm də yüksək vətəndaşlıq mövqeyi, milli dəyərlərə bağlılığı və insanlara xidmət amalı ilə seçilən nadir şəxsiyyətlərdəndir. Onun həyat yolu Azərbaycan qadınının müdrikliyinin, zəhmətkeşliyinin və vətənpərvərliyinin parlaq təcəssümüdür.
1923-cü il aprelin 28-də qədim Naxçıvan torpağında dünyaya göz açan Zərifə Əliyeva gənc yaşlarından elmə və biliyə xüsusi maraq göstərmiş, gələcək həyatını insanların sağlamlığına həsr etməyi qarşısına məqsəd qoymuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunda aldığı fundamental təhsil onun sonrakı uğurlarının möhkəm təməlini təşkil etmişdir.
Onun fəaliyyətə başladığı dövr Azərbaycan səhiyyəsinin çətin, eyni zamanda məsuliyyətli mərhələsinə təsadüf edirdi. Xüsusilə geniş yayılmış traxoma xəstəliyinə qarşı mübarizədə Zərifə xanımın göstərdiyi fədakarlıq və prinsipial mövqe onun vətəndaşlıq məsuliyyətinin bariz nümunəsi idi. O, yalnız elmi araşdırmalarla kifayətlənmir, regionlara səfərlər edir, xəstəliyin qarşısının alınması üçün kompleks tədbirlərin həyata keçirilməsində bilavasitə iştirak edirdi. Məhz bu məqsədyönlü fəaliyyət nəticəsində Azərbaycanda traxoma kimi ağır sosial xəstəliyin aradan qaldırılması mümkün olmuşdur.
Zərifə Əliyevanın elmi fəaliyyəti milli səhiyyə sisteminin inkişafına mühüm töhfələr vermişdir. Onun oftalmologiyanın müxtəlif sahələrini əhatə edən fundamental tədqiqatları, monoqrafiyaları və dərs vəsaitləri bu gün də öz aktuallığını qoruyur. Alimin yetişdirdiyi kadrlar isə onun elmi məktəbinin davamçıları kimi Azərbaycan tibb elmini uğurla inkişaf etdirirlər.
1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi Zərifə Əliyevanın elmi nüfuzunun ən yüksək səviyyədə təsdiqi olmuşdur. O, Azərbaycan oftalmologiya elminin beynəlxalq miqyasda tanınmasına mühüm töhfələr vermiş, ölkəmizin elmi potensialını layiqincə təmsil etmişdir.
Zərifə xanımın fəaliyyəti yalnız elmlə məhdudlaşmamış, o, həm də fəal ictimai xadim kimi cəmiyyətin inkişafına xidmət etmişdir. Onun həyat fəlsəfəsinin əsasında insanlara sevgi, mərhəmət və yüksək mənəvi dəyərlər dayanırdı. Bu xüsusiyyətlər onu həm alim, həm də insan kimi ucaldan əsas amillərdən idi.
Ulu Öndər Heydər Əliyev Zərifə xanımın şəxsiyyətini yüksək qiymətləndirərək onu Azərbaycan qadınının mənəvi dəyərlərini özündə cəmləşdirən nadir insan kimi səciyyələndirmişdir. Bu qiymət onun həyat və fəaliyyətinin dövlətçilik baxımından da əhəmiyyətini bir daha təsdiqləyir.
Bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycanda səhiyyə sahəsi sürətlə inkişaf edir, müasir tibb müəssisələri yaradılır, əhalinin sağlamlığının qorunması istiqamətində mühüm addımlar atılır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin fəaliyyəti isə onun zəngin elmi irsinin yaşadılmasının bariz nümunəsidir.
15 aprel – akademik Zərifə Əliyevanın anım günü xalqımız tərəfindən dərin ehtiramla qeyd olunur. Bu gün yalnız böyük alimin xatirəsinin yad edilməsi deyil, həm də onun ideallarına – elmə, insanlığa və Vətənə xidmət prinsiplərinə sədaqətin ifadəsidir.
Akademik Zərifə Əliyevanın həyatı və fəaliyyəti bir daha sübut edir ki, xalqa sədaqətlə xidmət edən, elmə və insanlığa töhfə verən şəxsiyyətlər zaman keçdikcə daha da ucalır, milli yaddaşda əbədi yaşayırlar.
Qasımova Ləman,
“Neft Kəmərləri” İdarəsinin əməkdaşı, YAP Nizami rayon fəalı



