
Ağdam şəhərinin və kəndlərinin yenidən məskunlaşdırılması Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi Böyük Qayıdış siyasətinin mühüm istiqamətlərindən biridir. Uzun illər işğal altında qalmış, yaşayış məntəqələri dağıdılmış və əhalisi doğma torpaqlarından didərgin düşmüş Ağdam bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur. 2020-ci il noyabrın 20-də rayonun işğaldan azad edilməsi tarixi hadisə olmaqla yanaşı, doğma torpaqlara qayıdış prosesinin başlanması üçün də mühüm zəmin yaratmışdır.
İşğaldan azad edildikdən sonra Ağdamda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılmışdır. Şəhərin Baş planına uyğun olaraq müasir şəhərsalma prinsipləri əsasında yaşayış kompleksləri, inzibati binalar, təhsil və səhiyyə müəssisələri, nəqliyyat və kommunal infrastruktur obyektləri yaradılır. Bu tədbirlər yalnız dağıdılmış şəhərin yenidən qurulmasına deyil, həm də əhalinin təhlükəsiz və rahat yaşayışının təmin edilməsinə xidmət edir.
Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhəri ilə yanaşı, rayonun kəndlərinin də bərpası və məskunlaşdırılması davam etdirilir. Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində həyata keçirilən layihələr kənd yaşayış məntəqələrinin dirçəldilməsində mühüm mərhələ təşkil edir. Yeni yaşayış evlərinin tikilməsi, yolların salınması, elektrik, su və digər kommunal xidmətlərin təmin olunması sakinlərin doğma yurdlarında normal həyat şəraitinin formalaşdırılmasına imkan yaradır.
2026-cı il noyabrın 20-nə olan məlumata əsasən, Ağdam rayonunda ümumilikdə 8300 nəfər məskunlaşıb. Onların 3604 nəfəri Ağdam şəhərində, 2621 nəfəri Xıdırlı kəndində, 1261 nəfəri Kəngərli kəndində, 814 nəfəri isə Sarıcalı kəndində yaşayır. Ümumilikdə bu göstərici 2146 ailəni əhatə edir. Ağdamda məskunlaşan əhalinin sayının artması Böyük Qayıdış prosesinin sürətləndiyini və rayonun sosial həyatının tədricən bərpa olunduğunu göstərir. 2027-ci ilin ilk yarısında Ağdam şəhərində əhalinin sayının daha 10 min nəfər artacağı proqnozlaşdırılır.
Bununla yanaşı, şəhərin tarixi-mədəni irsinin bərpası da yenidənqurma prosesinin mühüm tərkib hissəsidir. Ağdam Cümə məscidinin bərpası, İmarət Kompleksinin yenidən qurulması və Muğam Mərkəzinin fəaliyyətə başlaması şəhərin milli-mədəni kimliyinin qorunmasına və ictimai həyatının canlanmasına xidmət edir. Bu layihələr Ağdamın yalnız fiziki baxımdan deyil, həm də mənəvi və mədəni baxımdan dirçəldilməsini ifadə edir.
Ağdamda davam edən məskunlaşma prosesi göstərir ki, Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına köçürülməsi ilə məhdudlaşmır. Bu proses yeni yaşayış mühitinin yaradılmasını, iqtisadi imkanların genişləndirilməsini, sosial xidmətlərin inkişafını və əhalinin cəmiyyət həyatına inteqrasiyasını özündə birləşdirir
Beləliklə, Ağdam şəhərinin və kəndlərinin məskunlaşmasının davam etməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi quruculuq siyasətinin mühüm nəticələrindən biridir. Doğma torpaqlarına qayıdan insanların yeni həyat qurması, şəhərin iqtisadi və mədəni potensialının bərpası Ağdamın gələcəkdə Qarabağın mühüm sosial-iqtisadi mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yaradır.
Hacıyeva Nargilə, Bakı Slavyan Universiteti, Azərbaycan tarixi və multikulturalizm kafedrasının müəllimi



