Ağdam şəhəri gününü xalqımız qürur və sevinc hissi ilə qeyd edir

“Bu il isə ağdamlılar ilk dəfə olaraq Ağdamın işğaldan azad edilən günü – noyabrın 20-ni Ağdam Şəhəri Günü kimi qeyd edəcəklər. Ağdam şəhərinin işğaldan azad edilməsindən artıq üç il ötür. 2020-ci ilin 20 noyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyev və şanlı ordumuzun şücaəti nəticəsində 30 illik həsrətə son qoyulmuş və Ağdam bir güllə atılmadan düşmən tapdağından təmizlənmiş, Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başlamışdı”.
Bunu “Aktualinfo.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov əlavə edib ki, otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Ağdam özünün yeni dövrünə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdama da həyat yenidən qayıdıb. Azadlığına qovuşmuş bu şəhərdə böyük quruculuq, təmir-bərpa işləri aparılır. İşğaldan azad edilmiş ərazilərdə aparılacaq quruculuq işləri çərçivəsində tarixi, mədəni və dini irsimizin də bərpası həyata keçirilir. Belə ki, Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksində, Ağdam cümə məscidində və Qiyaslı məscidində bərpa işlərinə başlanılıb. Xurşidbanu Natəvanın İmarət kompleksindəki qəbirüstü abidəsi bərpa edilib. İmarət kompleksi, Ağdam cümə məscidi, Qiyaslı məscidi, Şahbulaq qalası və digər abidələrimiz bölgəni həm də turizm baxımından tanıtdıracaq.
Onun sözlərinə görə, Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Çox keçməyəcək ki, bu yerlərə ayaq basanda işğalın ağır nəticələrinin deyil, xarabalıqların yerində inşa edilmiş müasir, yaraşıqlı bir şəhərin – ağ damlı Ağdamın şahidi olacağıq.