
Ağdam bizim tarixi yaddaşımız, milli qürurumuz, keçmişimizdən gələcəyimizə uzanan Zəfər yolumuzun ayrılmaz parçasıdır. Ağdam hər zaman Azərbaycan olub, Azərbaycan olaraq da qalacaq.
Ağdam Şəhər Günü Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və milli-mənəvi dəyərlərə malik şəhərlərindən birinin keçdiyi tarixi yolun, xalqımızın iradəsinin və dövlətimizin qətiyyətinin təcəssümüdür. Uzun illər Ermənistanın işğalı altında qalan Ağdam şəhəri işğal dövründə böyük dağıntılara və talanlara məruz qalmış, bir zamanlar inkişaf edən, özünəməxsus memarlığı və mədəni həyatı ilə seçilən şəhər xarabalığa çevrilmişdir. Ağdamın yaşadığı bu faciə xalqımızın yaddaşında silinməz iz buraxmışdır.
2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra Ağdamın azadlığa qovuşması Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm hadisələrdən biri olmuşdur. 20 noyabr 2020-ci il tarixində Ağdam rayonunun işğaldan azad edilməsi xalqımızın tarixi ədalətə qovuşmasının və dövlətimizin qətiyyətinin göstəricisidir. Bu gün Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Müasir infrastrukturun yaradılması, yaşayış məhəllələrinin, sosial obyektlərin, təhsil və mədəniyyət müəssisələrinin inşası Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir. Ağdamın yenidən qurulması yalnız bir şəhərin bərpası deyil, həm də doğma torpaqlarına qayıdan insanların gələcəyə olan ümidlərinin gerçəkləşməsidir.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Ağdam bu gün yenidən quruculuq, inkişaf və tərəqqi mərhələsini yaşayır. Şəhərin gələcək inkişafı Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgəsində həyata keçirdiyi genişmiqyaslı layihələrin mühüm istiqamətlərindən biridir. Bir gənc kimi inanıram ki, Ağdamın tarixi və mədəni irsinin qorunması, onun müasir şəhər kimi inkişaf etdirilməsi və gələcək nəsillərə tanıdılması hər birimizin üzərinə düşən mənəvi məsuliyyətdir. Ağdamın dirçəlişi həm də Azərbaycan gəncliyinin quruculuq, vətənpərvərlik və milli kimlik ruhunda yetişməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Əminəm ki, doğma Ağdamımız öz tarixi şöhrətini yenidən qazanacaq, ölkəmizin iqtisadi, mədəni və sosial həyatında mühüm mövqeyə sahib olacaqdır. Ağdam yenidən qurulur, Ağdam yenidən canlanır! Ağdam Azərbaycanın tarixi yaddaşı, milli qüruru və Zəfər salnaməsinin ayrılmaz parçasıdır!
Maqsud Əhmədzadə,
YAP Yasamal rayon təşkilatının fəal gənci



