AnalitikaGündəmSiyasət

ABŞ Vitse-prezidentinin Azərbaycana səfəri strateji tərəfdaşlığın göstəricisidir

Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ başlayır. Bu ölkənin vitse-prezidenti Cey Di Vensin ölkəmizə səfəri mühüm əhəmiyyət kəsb edir. İki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası isə müxtəlif istiqamətləri əhatə edir. Bakı ilə Vaşinqton əlaqələri artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Rəsmi Bakı dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatlarının Qafqazda sülhə verdiyi töhfəni yüksək qiymətləndirir.Cənab Prezidentin də söylədiyi kimi, “Tramp–Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir.”

Dövlət başçımız bəyan etdi ki, Amerikanın aparıcı şirkətləri ilə işbirliyi qurulub və artıq ilkin nəticələr var. Həmçinin kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı, enerji və data bağlantıları, ticarət və tranzitin asanlaşdırılması və digər əlaqəli sahələrdə əməkdaşlıq niyyəti də Xartiyada qeyd olunub. Bu çərçivədə həmçinin enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrinin cəlb olunması, mülki nüvə sahəsində, eləcə də nadir mineralların qlobal bazarlara tranziti sahəsində əməkdaşlıq kimi məsələlər də yer alıb.

Bu cür əməkdaşlıq müqaviləsinin bağlanılması bir tərəfdən Azərbaycan üçün təhlükəsizlik amilini daha sağlam təməllər üzərinə otuzdurur, digər tərəfdən isə Amerika Birləşmiş Ştatlarının bu regionda indiyə qədər Avrasiyada maraqlarını təmin etməsinə kömək edir. Daha bir mühüm məqam odur ki, hər iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. İmzalanan sənədlərə baxdıqda görürük ki, orada diplomatiya, siyasət, iqtisadiyyat, hərbi-təhlükəsizlik və süni intellekt sahələrində müqavilələr öz əksini tapmışdır. Bu, o deməkdir ki, imzalanan müqavilə çoxtərəfli əməkdaşlıq xarakteri daşıyır və həyatın bütün sahələrini, yaşadığımız dünyanın bütün reallığını əhatə edir.

Nəticə etibarilə, Azərbaycanla ABŞ arasında Xartiya təkcə iki ölkənin yaxınlaşmasını deyil, daha dərin strateji dönüşü əks etdirir — bəyanatlar siyasətindən konkret mexanizmlər siyasətinə keçidi. Bakı üçün bu, regional proseslərin aktiv iştirakçısı statusunun möhkəmlənməsi deməkdir, Vaşinqton üçün isə strateji əhəmiyyətli məkanda etibarlı tərəfdaşın əldə olunmasıdır. Ən başlıcası isə odur ki, sənəd praqmatizmə, qarşılıqlı hörmətə və uzunmüddətli maraqların düzgün anlaşılmasına əsaslanan əməkdaşlıq üçün möhkəm zəmin yaradır — məhz bu prinsiplər bu gün yeni beynəlxalq reallığın əsas müəyyənedicilərinə çevrilir.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button