
Azərbaycan Respublikasına ABŞ vitse-prezidentinin rəsmi səfəri ölkəmizin xarici siyasət tarixində mühüm hadisə kimi qiymətləndirilir və Azərbaycan–ABŞ münasibətlərinin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu təsdiqləyən əlamətdar diplomatik addımdır. Bu səfər, eyni zamanda, Tramp–Vens administrasiyasının Azərbaycana və Cənubi Qafqaz regionuna göstərdiyi xüsusi diqqətin, qarşılıqlı hörmətə və strateji maraqlara əsaslanan münasibətlərin bariz nümunəsidir.
Azərbaycan tərəfi ABŞ administrasiyasının ölkəmizə göstərdiyi müsbət münasibətə görə dərin minnətdarlığını ifadə edir və cənab vitse-prezidenti Azərbaycanda rəsmi səfərdə salamlamağı böyük şərəf hesab edir. Səfər çərçivəsində keçirilmiş yüksək səviyyəli görüşlər zamanı ikitərəfli gündəliyin geniş spektrini əhatə edən səmərəli və konstruktiv müzakirələr aparılmış, siyasi, iqtisadi, təhlükəsizlik və texnoloji sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmişdir.
Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mərasimi tərəflərin son altı ay ərzində apardığı gərgin və sistemli işin mühüm nəticəsi kimi qiymətləndirilir. Altı ay əvvəl Vaşinqton şəhərində Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında keçirilmiş tarixi görüş və Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açmışdır. Azərbaycan üçün dünyanın ən qüdrətli ölkəsi olan Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olmaq böyük şərəf və strateji əhəmiyyət kəsb edir.
Azərbaycan tərəfi Prezident Donald Trampa, vitse-prezident J.D. Vensə və onların administrasiyasına Cənubi Qafqazda sülhün təmin olunmasına verdikləri töhfəyə görə xüsusi minnətdarlığını bildirir. 2025-ci ilin avqust ayında Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini paraflamış, daha sonra Prezident Trampın şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannamə qəbul edilmişdir. Artıq altı aydır ki, regionda sülh şəraitində həyat davam edir və tərəflər dinc yanaşı yaşamağın yeni mərhələsinə qədəm qoymuşdur.
Tramp–Vens administrasiyasının regionda həyata keçirdiyi təşəbbüslərin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməklə yanaşı, Azərbaycan, Ermənistan və digər qonşu ölkələrin ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirən etibarlı, təhlükəsiz və genişmiqyaslı nəqliyyat dəhlizi kimi nəzərdə tutulur. Layihə regionda ticarətin, iqtisadi əməkdaşlığın və sülhün möhkəmləndirilməsinə mühüm töhfə verəcəkdir. Azərbaycan artıq Ermənistana gedən yüklərin tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırmış, həmçinin Ermənistana neft məhsullarının təchizatına başlamışdır ki, bu da regional əməkdaşlığın və iqtisadi inteqrasiyanın real başlanğıcıdır.
Vitse-prezident Vensin səfəri, imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası və aparılan danışıqların məzmunu baxımından tarixi əhəmiyyət daşıyır. Xartiyada təhlükəsizlik və antiterror əməliyyatları üzrə əməkdaşlığın davam etdirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat və bağlantılar, müdafiə sənayesi məhsullarının satışı, süni intellekt və rəqəmsal infrastrukturun inkişafı kimi mühüm istiqamətlər öz əksini tapmışdır. Azərbaycan hazırda öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir ki, onların 11-i NATO üzvü və ABŞ-ın müttəfiqləridir. Bu fakt Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyində strateji rolunu təsdiqləyir.
Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya tərəflərin bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bir daha təsdiqləyir. Sənəd regional bağlantılar, iqtisadi sərmayələr, enerji, texnologiya və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur və dövlət qurumları ilə yanaşı özəl sektorun fəal iştirakının vacibliyini vurğulayır.
Xartiyanın Regional Bağlantılar bölməsi Orta Dəhliz, Trans-Xəzər nəqliyyat marşrutu və TRIPP layihəsi çərçivəsində nəqliyyat, enerji, data və logistika infrastrukturlarının inkişaf etdirilməsini, ticarət və tranzitin asanlaşdırılmasını, gömrük və sərhəd prosedurlarının təkmilləşdirilməsini nəzərdə tutur. Tərəflər enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, interkonnektor layihələrinin icrası, təchizat marşrutlarının şaxələndirilməsi, mülki nüvə əməkdaşlığı və kritik mineralların qlobal bazarlara tranzitinin təşviqi istiqamətində birgə fəaliyyət göstərmək niyyətindədirlər.
İqtisadi sərmayələr və rəqəmsal infrastruktur bölməsi çərçivəsində tərəflər ikitərəfli ticarət və investisiya əlaqələrinin gücləndirilməsi, süni intellekt tərəfdaşlıqlarının inkişaf etdirilməsi, data mərkəzlərinin yaradılması, tədqiqat və inkişaf platformalarının qurulması, kibertəhlükəsizlik sahəsində təşəbbüslərin irəli sürülməsi və texnoloji insan kapitalının inkişaf etdirilməsi üzrə əməkdaşlıq etməyi planlaşdırırlar. ABŞ tərəfi Azərbaycanın Xəzər regionu üçün enerji, ticarət, maliyyə, nəqliyyat və data mərkəzinə çevrilməsi səylərini dəstəklədiyini bəyan edir.
Təhlükəsizlik əməkdaşlığı bölməsi çərçivəsində müdafiə sənayesi məhsullarının satışı, terrorizmə qarşı mübarizə, kibertəhlükəsizlik, kritik infrastrukturun mühafizəsi və humanitar minatəmizləmə sahəsində əməkdaşlıq nəzərdə tutulur. ABŞ Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirir və bu sahədə əməkdaşlığın genişləndirilməsini dəstəkləyir.
Xartiyanın institusional tətbiq mexanizmi olaraq iqtisadiyyat, enerji, bağlantılar, süni intellekt, təhlükəsizlik və müdafiə sahələrində işçi qruplarının yaradılması, yol xəritələrinin hazırlanması və tərəfdaşlığın həyata keçirilməsi üçün müntəzəm dialoq platformalarının qurulması nəzərdə tutulur. Tərəflər ildə ən azı bir dəfə görüş keçirmək və əməkdaşlığın gedişatını qiymətləndirmək niyyətindədirlər.
Ümumilikdə, ABŞ vitse-prezidentinin Azərbaycana rəsmi səfəri və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması Azərbaycan–ABŞ münasibətlərinin tamamilə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu sənəd siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və texnoloji əməkdaşlığın genişləndirilməsi, regional sülhün möhkəmləndirilməsi və Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması üçün möhkəm institusional baza yaradır.
Cavid Cəfərzadə,
Xəzər rayonu, 206 nömrəli tam ota Ümümitəhsil məktəbin direktoru



