AnalitikaGündəm

8Mart – Beynəlxalq qadınlar günü

 

Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verilməsi tariximizdə xüsusi yer tutan mühüm hadisələrdən biridir. Bu fakt təkcə ölkəmizin deyil, bütövlükdə Şərq dünyasının demokratik inkişaf tarixində mühüm mərhələ kimi qiymətləndirilir. Azərbaycan qadınlarının ictimai-siyasi həyatda fəal iştirakının əsası hələ XX əsrin əvvəllərində qoyulmuş, bu istiqamətdə atılan mühüm addımlar ölkəmizi regionda qabaqcıl dövlətlərdən birinə çevirmişdir.
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu tariximizdə yeni mərhələnin başlanğıcı olmuş, cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bir çox sahələrdə mühüm və tarixi qərarlar qəbul etmişdir ki, bu qərarlardan biri də qadınlara kişilərlə bərabər siyasi hüquqlar – seçmək və seçilmək hüququnun verilməsi olmuşdur. Bu qərar həmin dövr üçün olduqca mütərəqqi addım olmuş, çünki dünyanın bir çox inkişaf etmiş ölkələrində belə qadınlara bu hüquq hələ verilməmişdi.
Azərbaycan qadınının ictimai həyatda fəallığı təkcə siyasi hüquqlarla məhdudlaşmırdı. Hələ XIX əsrin sonlarından etibarən ölkəmizdə maarifçilik hərəkatı geniş yayılmış, qadınların təhsil almasına xüsusi diqqət yetirilmişdir. Bu istiqamətdə görkəmli ziyalıların və xeyriyyəçilərin böyük rolu olmuşdur. Onların təşəbbüsü ilə qız məktəbləri açılmış, qadınların savadlanması və cəmiyyətə inteqrasiyası istiqamətində mühüm işlər görülmüşdür.
XX əsrin əvvəllərində Azərbaycanın ictimai həyatında qadınların rolu getdikcə artmağa başlamış, qadınlar mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə fəaliyyət göstərir, cəmiyyətin inkişafına töhfələr vermişlər. Bu proses Azərbaycan Xalq Cümhuriyyəti dövründə daha da sürətlənmiş, dövlət qadınların hüquqlarının qorunmasına və onların ictimai-siyasi fəaliyyətinə geniş imkanlar yaratmışdır.
Ölkəmizdə mədəniyyətin, elmin və incəsənətin inkişafında da Azərbaycan qadınlarının mühüm xidmətləri olmuşdur. Azərbaycan qadını hər zaman ailənin dayağı, cəmiyyətin mənəvi sütunu kimi böyük nüfuz qazanmışdır.
Müasir dövrdə də Azərbaycanda qadın siyasəti dövlət səviyyəsində xüsusi diqqət mərkəzində saxlanılır. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində mühüm addımlar atılmışdır. Onun rəhbərliyi ilə qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
Bu siyasət bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadınların ictimai-siyasi həyatda fəallığı daha da artmışdır. Azərbaycan qadınları bu gün parlamentdə, dövlət idarəetmə orqanlarında, diplomatik xidmət sahəsində və müxtəlif beynəlxalq təşkilatlarda uğurla təmsil olunurlar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti də ölkəmizdə qadınların dövlət idarəçiliyində rolunun artmasının parlaq nümunələrindən biridir.
Azərbaycan qadınlarının cəmiyyətdəki rolunun yüksək qiymətləndirilməsinin təzahürlərindən biri də hər il 8 mart – Beynəlxalq Qadınlar Gününün ölkəmizdə bayram kimi qeyd olunmasıdır. Bu bayram qadınların cəmiyyətin inkişafına verdiyi töhfələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün müstəqil Azərbaycanda qadınların hüquqları tam şəkildə qorunur, onların inkişafı üçün geniş imkanlar yaradılır. Təhsil, elm, iqtisadiyyat, mədəniyyət və digər sahələrdə qadınların uğurları ölkəmizin ümumi inkişafının mühüm göstəricilərindən biridir.

Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri

 

Oxşar Xəbərlər

Back to top button