AnalitikaGündəmOrdu

8 Noyabr – Tariximizə qızıl hərflərlə yazılan gün!

Azərbaycan xalqının tarixində ən şanlı və qürurverici günlərdən biridir 8 Noyabr. Bu mübarizəmizin ən şanlı səhifəsi isə tarixə qızıl hərflərlə yazılan Zəfər Günümüzdür. Bu gün Vətən Müharibəsinin başa çatdığı, işğal altında olan torpaqlarımızın azad edildiyi gündür. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan ordusu, Ali Baş Komandanın rəhbərliyi ilə düşməni darmadağın edərək 30 ilə yaxın həsrət qaldığımız torpaqları geri qaytardı. Zəfər təkcə bir hərbi qələbə deyil, həm də bir millətin birliyinin, vətən sevgisinin simvoludur. Qarabağımızın ürəyi olan Şuşanın azad edilməsində xalqımız həm tarixi ədaləti, həm də milli ruhunu yenidən dirçəltdi.

8 Noyabr – artıq hər bir azərbaycanlının qəlbində yaşayacaq. İki əsrdən çoxdur ki, xalqımız öz yurdlarında qələbə sevinci yaşamaqdan məhrum idi. Azərbaycan xalqının qəlbinin dərinliyində yalnız bir nida var idi, “Qarabağ Azərbaycandır!”. Tarixlər boyu çox ağrılar, acılar yaşamış xalqımız, bir gün o torpaqlarda gün doğacaq, ilahi ədalətə inanırdı. Bu zəfər sanki, iki əsr ərzindəki əsarətin son nöqtəsi idi. XIX əsrin əvvəllərində başlayaraq Azərbaycan torpaqları mənfur qonşular tərəfindən parçalanırdı.

1813-cü ildə Gülüstan, 1828-ci ildə Türkmənçay müqaviləsi nəticəsində Azərbaycanın qədim torpaqları parçalanmışdı. XX əsrin əvvəlində isə İrəvan, Zəngəzur, Göyçə kimi bölgələrimiz itirildi. Mənfur qonşularımızın məkrli siyasəti nəticəsində Azərbaycan torpaqlarında yeni bir ölkə yaradıldı. Bu itkilər təkcə coğrafi sərhədlərin dəyişilməsi deyil, həm də xalqın qəlbində dərin yaralar açmışdı.

2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən Müharibəsi bu iki əsrlik həsrətin sonunun başlanğıcı oldu. 8 noyabrda Qarabağın tacı Şuşa azad edildi. Bu gün Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Zəfər Günü bizə göstərdi ki, Azərbaycan xalqı heç vaxt ədalətsizlik qarşısında baş əyməyəcək, gec-tez ədalət öz yerini tapacaq. Bu gün Şuşanın dağlarında bayrağımız dalğalanır və Şəhidlərimizin ruhuna salam verir. Bu qürurlu bir hissdir. O günün günəşi doğdu artıq! Çünki bu gün Zəfərin, qürurun və azadlığın günüdür 8 Noyabr. Bu sevinci xalqımıza yaşadan Ali Baş Komandanımıza, Şəhidlərimizə, Qazilərimizə dərin minnətdarlıq hissi duyuruq. Allah Şəhidlərimin ruhunu şad eləsin!

Qayıbova İlahə,
Azərbaycan Tibb Universitetinin, Əsaslı Kitabxanasının , kitabxanaçısı

Oxşar Xəbərlər

Back to top button