AnalitikaGündəmİqtisadiyyat

8 Noyabr Elektrik Stansiyasının istifadəyə verilməsi müasir Azərbaycanın iqtisadi, texnoloji və strateji uğurlarını təcəssüm etdirən mühüm hadisədir

Azərbaycan son illərdə həyata keçirdiyi irimiqyaslı layihələrlə Cənubi Qafqazın və bütövlükdə Avrasiyanın enerji xəritəsində mövqeyini möhkəmləndirib. İyunun 24-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş “8 Noyabr” Elektrik Stansiyası texnoloji nailiyyətlə yanaşı, siyasi iradə, strateji baxış və beynəlxalq əməkdaşlığın təzahürü kimi ölkəmizin enerji siyasətində yeni bir mərhələnin başlanğıcıdır.
1880 meqavat gücündə “8 Noyabr” Elektrik Stansiyasının cəmi iki il ərzində istifadəyə verilməsi yalnız mühəndislik baxımından deyil, layihə idarəçiliyi və resursların səmərəli təşkili baxımından da rekord göstəricidir. Belə böyük həcmdə generasiya gücünün bu qədər qısa müddətdə istismara verilməsi dünya miqyasında nadir hallarda rast gəlinən əlamətdar hadisədir. Açılış mərasimində çıxış edən dövlətimizin başçısının vurğuladığı kimi, bu gün ölkəmizin energetika sahəsində əlamətdar bir gündür: “8 Noyabr” Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir”.
Dünya enerji bazarlarında qeyri-sabitlik, siyasi toqquşmalar və infrastruktur riskləri fonunda Azərbaycan sabitlik və etibarlılıq modeli kimi fərqlənir. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi bu sabitliyin davamlı xarakter daşıdığını göstərir. Xüsusilə Avropa bazarlarının alternativ enerji mənbələrinə ehtiyacının artdığı dövrdə ölkəmiz bu ehtiyacları qarşılayan əsas aktorlardan birinə çevrilmişdir. Yeni stansiya ixraca yönələn qaz həcmlərinin artırılmasına da şərait yaradır, çünki daxili enerji tələbatının daha səmərəli şəkildə təmin edilməsi ixrac üçün əlavə ehtiyatlar yaradır. Stansiyanın adının “8 Noyabr” seçilməsi xüsusi rəmzi məna daşıyır. Bu, 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfər Günüdür, məhz həmin gün Şuşa şəhəri azad olunaraq Böyük Qələbənin rəmzinə çevrilmişdi. Prezident İlham Əliyevin bu adı şəxsən seçməsi stansiyanın yalnız texniki və iqtisadi deyil, həm də siyasi-ideoloji və milli qürur nöqteyi-nəzərindən böyük önəm daşıdığını göstərir. Beləliklə, “8 Noyabr” Stansiyası Azərbaycanın yalnız enerji sisteminə deyil, eyni zamanda milli yaddaşına və qələbə ruhuna verilmiş dəyərdir.
Nəticə etibarilə, “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi müasir Azərbaycanın iqtisadi, texnoloji və strateji uğurlarını təcəssüm etdirən mühüm hadisədir. Azərbaycanın enerji siyasəti bundan sonra da regional və qlobal miqyasda ölkəyə strateji üstünlüklər qazandırmağa davam edəcək və “8 Noyabr” Stansiyası bu siyasətin güclü dayaqlarından biri olaraq tarixə yazılacaq.

 

İslam Bafadarov
Yeni Azərbaycan Partiyası , məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button