
Torpaqlarımızın işğaldan azad edildiyi tarixlər və soydaşlarımızın doğma yurd-yuvalarına qayıdış günləri Azərbaycanın şanlı Zəfərinə gedən yolun parlaq nümunəsidir. Avqustun 21-də Prezident İlham Əliyev Kəlbəcər şəhərinə qayıdan sakinlərlə görüşündə 44 günlük İkinci Qarabağ müharibəsinin qəhrəmanlarına diqqət çəkdi. Bu müharibədə şəhidlərimiz qanları və canları ilə tarix yazdı, 30 illik işğala son qoyuldu, Azərbaycanın gücü, qüdrəti və rəşadətli Ordumuzun döyüş ruhu dünyaya nümayiş etdirildi.
Dövlət başçısı vurğuladı ki, müharibə dövründə Azərbaycan xalqı bir yumruq kimi birləşdi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qətiyyətli addımlar atıldı və işğalçı Ermənistanın havadarları qarşısında Azərbaycanın milli iradəsi nümayiş etdirildi. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın yaşayış məntəqəsi, eləcə də strateji yüksəkliklər azad edildi. Noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanat Azərbaycan Ordusunun hərbi-siyasi Qələbəsini təsdiqlədi və Kəlbəcər, Laçın, Ağdam kimi ərazilər Azərbaycana qaytarıldı.
Prezident İlham Əliyev sakinlərlə görüşündə qeyd etdi ki, Kəlbəcərlilər 32 ildən sonra doğma torpaqlarına qayıdır və bu qayıdış həm tarixi ədalətin, həm də xalq-ordu-iqtidar birliyinin parlaq təcəssümüdür. Bu qələbələr Azərbaycanın yüksək strateji və siyasi iradəsinin nəticəsidir və Böyük Qayıdış Proqramının uğurlu icrasının təməlini qoyur.
YAP Xəzər rayon təşkilatının məsləhətçisi
Nəzrin Bayramova