Analitika

44 günlük Vətən müharibəsi əsl vətənpərvərlik nümunəsidir

Hər bir xalq özünün yaşam tarixində torpağını, xalqını sevən, onu mübarizə meydanlarında qələbəyə, çətin anlarda işığa doğru aparan şəxsiyyətə, rəhbərə ehtiyac duyur. Dövlətin bir dövlət olaraq formalaşmasında, millətin dünya millətləri sırasında layiqli yer almasında böyük şəxsiyyətlərin rolu şübhəsizdir. Azərbaycan xalqı da həmişə öz tarixinin çətin sınaqlarında yetişdirdiyi böyük oğullarının qeyrətinə sığınmışdır. Belə qeyrətli oğullardan biri də məhz Azərbaycanın Ulu öndəri Heydər Əliyev olmuşdur.

Müstəqilliyimizin qorunub saxlanması, milli şüurun oyanması və vətənpərvərlik hisslərinin yüksək səviyyədə olması öz doğma yurduna, torpağına, millətinə, təbii sərvətlərinə, ana dilinə bağlılığı Azərbaycan xalqının ən vacib dəyərlərindən biridir. Vətənpərvərlik duyğusu olmayan millət heç zaman irəli getməz, həmin torpaqlar Vətən olmaz. Heydər Əliyev bütün varlığı, ruhu ilə xalqına, vətəninə bağlı olması, Azərbaycançılıq ideyaları ilə yaşayan, milli-mənəvi dəyərlərimizin, dövlətçiliyimizin təşkilində, milli-mənlik şüurumuzun inkişafında misilsiz xidmətləri olan böyük Sərkərdə idi.

Azərbaycanın Ümummilli lideri Heydər Əliyev öz çıxışlarının birində söyləmişdir ki, “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”. Həqiqətəndə Ulu öndər Heydər Əliyevin bu sözləri mənəvi zənginliyin məhək daşlarından biri kimi vətənpərvərliyə verilən böyük qiymətdir. Vətənsevərlik, milli hissiyyat sağlam özül, başqalarına hörmət hissləri üzərində qurulanda bəşəri dəyərləri daha da zənginləşdirir. Həqiqətən də vətənpərvər olmaq ilk növbədə öz torpağını, Vətənini sevmək deməkdir, öz doğma yurdunun müqqəddəs adını, şanını hər şeydən uca tutmaq, bu yolda cəfakeş olmaq deməkdir. Məhz öz vətəninə sevgisi, sadiqliyi ilə seçilən dahi şəxsiyyət, böyük vətənpərvər Heydər Əliyev bu örnək timsalın özəyində dayanır.

Heydər Əliyevin can Azərbaycanına bəslədiyi dərin məhəbbətin təcəssümü öz doğma ailəsində tərbiyə etdiyi övladlarının vətənpərvər ruhda yetişməsi idi. Dahi Liderimiz deyirdi: “Hər bir insan ilk növbədə anasını, vətənini, torpağını, millətini sevməli, bu hisslərlə yaşamalıdır”.

Prezident İlham Əliyev Heydər Əliyevin dövlətçilik təlimini əsas kimi qəbul etdərək, həmişəyaşar siyasi kursu yeni dövrün, dünyada baş verən proseslərin gerçəkliklərinə uyğun olaraq inkişaf etdirmiş, qiymətli əlavələrlə zənginləşdirmiş, özünü təsdiq etmişdir. Onun siyasi kursunun əsasında siyasi varisliklə novatorluq, ənənə ilə yeniləşmə, müasirləşmə və modernləşdirmə vəhdət təşkil edir.

Azərbaycan Respublikasının özünün davamlı, dayanıqlı və sabit inkişafa, gücə malik iqtisadi və hərbi potensiallı, Qafqaz regionunun lider dövlətlərindən biri kimi tanınması heç kimdə şübhə doğurmur. Bu gün bütün dünya ölkələrinin diqqəti Azərbaycanın üzərindədir. Bu unikal dövlət 30 illik müstəqillik tarixində ən şərəfli tarixini yaddaşlara yazdı. Daha dəqiqliyi ilə desək 20 il ərzində əldə edilən uğurlu nailiyyətlərin qısa xülasəsi idi Zəfər Qələbəmiz. O qələbə ki, tarixin silinməz səhifələrində dərin izlər buraxdı, özündən sonrakı nəsillərə isə örnək oldu. Bu böyük tarixi nailiyyət 30 ilə yaxın bir dövr ərzində ölkəmizin ən ağrılı problemi olan qondarma “Dağlıq Qarabağ” probleminin birdəfəlik həlli, ölkəmizin ərazi bötövlüyünün tam bərpası və böyük bir tarixi ədalətsizliyin sonu demək idi.

Bu nailiyyətin özəyində Azərbaycan xalqının, Ali Baş Komandanı İlham Əliyevin vətənpərvərlik dühası dayanır. Adi sözlərlə ifadə edilməyəcək bir hissdir vətənpərvərlik hissi. Vətənpərvərlik hissi konkret sosiomədəni mühit çərçivəsində olan insanın həyat və varlığı prosesində formalaşır. İnsanlar doğulduğu andan instinktiv olaraq, təbii və hiss olunmadan yaşadıqları mühitə, ölkəsinin təbiətinə və mədəniyyətinə, xalqının həyatına alışırlar. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdəndir. Bu duyğu insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir.

Vətənə dərin hisslərlə, bağlılıqla böyüyən, yetişən, qəlbində Azərbaycan sevdası, məhəbbəti olan Azərbaycan Respublikasının vətənpərvər oğlu İlham Əliyev vətənpərvərliyi 44 günlük vətən savaşında hər kəsə örnək oldu. Vətənpərvəlik hissini xalqın, vətənin taleyinin tərkib hissəsi hesab edən Ali Baş Komandanımız Vətənin qorunması və müdafiəsinini özünə borc bilib, “nəyi necə, nə vaxt etmək lazım…” olduğunu düşünülmüş addımlarla həyata keçirdi.

Azərbaycan Respublikasının Ali Baş Komandanı, cənab İlham Əliyevin çevik hərbi siyasəti istər beynəlxalq aləmdəki informasiya və diplomatiya savaşında, istərsə də 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə bütün dünya arenasında əks-səda doğurdu. Bu zəfər həm də son iki yüz il ərzində Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik mövqeyində və ərazi iddiasında olan təcavüzkar Ermənistan və onun havadarları üzərində tarixi bir Zəfər idi. Azərbaycan xalqının qürur mənbəyi olan bu Qələbənin möhtəşəmliyi və doğurduğu sevinc sözlə ifadə edilə bilmədiyi kimi, onun siyasi, hüquqi, tarixi, iqtisadi və etnokultural və geosiyasi əhəmiyyəti də ölçüyə gələ bilməyəcək dərəcədə misilsizdir.

Prezident İlham Əliyev çıxışlarının birində demişdir: “Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Bir daha demək istəyirəm, heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə gedirdilər, cəmiyyətdə milli birlik, milli həmrəylik ideyaları üstünlük təşkil etdi. … İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi. Biz bu ağır yükü çiynimizdən atdıq, bu damğanı boynumuzdan atdıq. …Biz üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşayırıq. Buna görə sizə və sizin kimi on minlərlə hərbçiyə borcluyuq. Azərbaycan xalqı bunu bilir və yaxşı qiymətləndirir”.

Azərbaycan xalqının öz tarixi torpaqlarına qovuşması, Xocalıya ədalət, Dağlıq Qarabağ münaqişəsinə son qoymaq kimi böyük arzuları vardır. Xalqın etimadını, sevgisini qazanan İlham Əliyev öz ata siyasətinə sadiq qalaraq, tutduğu bütün vədlərə əməl etmiş və 20 il ərzində Azərbaycan xalqının ən böyük arzularını reallaşdırmışdır.

Tarixə nəzər yetirsək görərik ki,  2003-cü ildə münaqişə ilə bağlı istinad edə biləcəyimiz yeganə sənəd BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri idisə, Prezident cənab İlham Əliyevin hakimiyyətə gəldiyi illərdə bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təsdiqləyən sənədlər qəbul etdilər. Ermənistanın işğalçılıq siyasəti beynəlxalq müstəvilərdə ifşa olundu. Dövlət başçımız yorulmaz fəaliyyəti ilə cəmi 20 il ərzində erməni lobbisinin bir əsrdən çoxdur yaratdığı mif və stereotipləri darmadağın oldu, 100 illik erməni yalanları bütün dünyada ifşa edildi, Azərbaycanın haqlı mövqeyi beynəlxalq dairələr tərəfindən qəbul edildi.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı hərb tariximizə  daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Cəfərova Səbinə,
Bakı Slavyan Universiteti

Oxşar Xəbərlər

Back to top button