Analitika

4 oktyabr-Cəbrayılın azad edildiyi gündür

Cəbrayıl Azərbaycanın qədim tarixə, mədəniyyət abidələrinə və adət-ənənələrə malik dilbər guşələrindən biridir. 1993-cü il avqustun 23-nə kimi bu rayonda həyat qaynayırdı. Rayonda 1 şəhər, 4 qəsəbə və 92 kənd var idi, əhalisi isə 52. 000 nəfərdən ibarət idi. Cəbrayıl rayonu ərazisində zəngin mərmər və mişar daşı yataqları yerləşirdi, əhalisi heyvandarlıq, üzümçülük, baramaçılıqla məşğul olurdu. Rayon ərazisində çoxlu tarixi-mədəni abidələr vardır ki, bunlardan ən əhəmiyyətlisi Xudafərin körpüsü sayılır.

Erməni işğalçıları 1988-ci ildən başlayaraq əvvəlcə Ermənistan ərazisindən, sonra isə Qarabağ və ona qonşu olan ərazilərdən azərbaycanlıları çıxarmağa başlamış və bu zaman dinc əhaliyə qarşı silah tətbiq edərək minlərlə soydaşımızı qətlə yetirmişlər. 1993-cü il avqustun 23-də isə Cəbrayıl rayonunun işğalını həyata keçirdilər və burada da dinc əhalinin qətlə yetirilməsi, əsir edilməsi, girov götürülməsi adi hala çevrildi. Nəticədə 1050 kv. metrlik bir ərazi ermənilərin tapdağına çevrildi. İşğal zamanı bir çox təhsil ocaqları, tibb müəssisələri və dövlət müəssisələri, o cümlədən mədəniyyət mərkəzləri, tarixi abidələr dağıdıldı. İşğal zamanı Cəbrayıl rayonuna 17 milyarddan artıq ziyan vurulmuşdur.

1994-cü il yanvarın 5-də işğal altında olan Cocuq Mərcanlı kəndi ermənilərin qəsbkar pəncəsindən azad edildi və burada yenidən həyat qaynamağa başladı. Ermənilərlə üzbəüz qalan kənd sakinləri güllə və mərmilərdən çəkinməyərək öz adi həyatlarını davam etdirirdilər. Cəbrayıl sakinləri daim doğma yurd-yuvalarına qayıtmaq arzusu ilə yaşayır və bir gün işğalın başa çatacağına, haqqın qələbəsinə inanırdılar. Cəbrayıl əhalisi də düşmənə layiqli müqavimət göstərmiş və rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü. Lakin hələ Cəbrayıl torpağının azad edilməsinə, müxtəlif rayonlarda məskunlaşmış cəbrayıllıların doğma torpaqlarına qayıdışına 27 uzun il qalırdı… Bu illər ərzində bütün azəri xalqı kimi cəbrayıllılar da “Böyük qayıdışa” inanırdılar.

2020-ci ildə erməni separatçılarının Azərbaycana qarşı təcavüzü daha da gücləndi. Müxtəlif yerlərdən dinc əhaliyə qarşı təcavüz, dinc əhalinin, hətta uşaqların qətlə yetirilməsi, təmas xəttinə yaxın ərazilərin atəşə tutulması, bu zaman raket, top və mərmi zərbələrindən istifadə edilməsi halları daha da çoxaldı. Bütün bunlar sülh danışıqlarının pozulmasına istiqamətlənir və bir çox xarici qüvvələr tərəfindən qızışdırılırdı.

Nəhayət, 27 sentyabr 2020-ci ildə Azərbaycan Prezidenti və Ali Baş Komandan cənab İlham Əliyev erməni işğalçılarına qarşı hərbi əməliyyatlara başlamaq əmrini verdi. Beləliklə, hamının səbirsizliklə gözlədiyi an, torpaqlarımızın azad edilməyə başlanması anı gəlib çatdı. Hərbi əməliyyatlara başlanan gün Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabrdaMehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, oktyabrın 4-də Cəbrayıl şəhəri və 9 kənd düşmən tapdağından azad edildi. Uğurlu hərbi əməliyyatlar nəticəsində bir neçə gün ərzində bütün Cəbrayıl ərazisi işğaldan azad edildi. Cəbrayılın azad edilməsində göstərdikləri igidliyə görə 22797 hərbi qulluqçumuz “Cəbrayılın azad edilməsinə görə” medalı ilə təltif edilmişdir.

Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət möhkəm müdafiə istehkamları qurmuşdu ki, bu istehkamları yarmaq böyük hərbi bacarıq, taktika və fədakarlıq tələb edirdi. Şəxsən Ali Baş Komandanın planı əsasında keçirilən hərbi əməliyyatlar nəticəsində bu müdafiə qurğuları məhv edilmiş və Cəbrayıl azad edilmişdir. Cəbrayılın azad edilməsinin böyük strateji əhəmiyyəti var idi, buradakı qələbə sonrakı uğurlu hərbi əməliyyatlara və nəhayət xalqımızın iftixar mənbəyi olan Şuşanın alınmasına bir yol olmuşdur. Cəbrayılın azad edilməsi nəticəsində Zəngilan, Laçın, Qubadlı istiqamətlərində uğurlu əməliyyatlara başlanğıc və nəhayət Laçın dəhlizinə nəzarətin silahlı qüvvələrimizin əlinə keçməsinə səbəb oldu. Cəbrayılın azad edilməsinin əhəmiyyətini onda görmək olar ki, şəxsən möhtərəm Prezident İlham Əliyev Xudafərin körpüsündə Azərbaycan bayrağını dalğalandırmışdır.

Vətən Müharibəsi bitdikdən və torpaqlarımız azad edildikdən sonra Qarabağda sürətli bərpa və quruculuq içlərinə başlanmışdır. Bunun üçün bir neçə istiqamətdə tədbirlər planı hazırlanmış, bu işlərə yerli müəssisələr və xarici kompaniyalar cəlb edilmişdir. Əsas məqsəd sürətli bərpa işləri və yurd-yuvasından ermənilər tərəfindən çıxarılmış sakinlərin tezliklə öz məskənlərinə qayıdışıdır. Qaqrabağda aparılan quruculuq işləri bilavasitə Prezidentin nəzarəti və rəhbərliyi ilə həyata keçirilir. ”Araz Vadisi İqtisadi Zonası” yaradılması Cəbrayılın tez bir zamanda bərpa edilməsi, infrastrukturun yenidən və müasir tələblərə uyğun şəkildə qurulmasına, Cəbrayılda yerli sənaye və kənd təsərrüfatı işlərinin tezliklə bərpa edilməsinə xidmət edir.

Müharibə ordumuzun qələbəsi ilə bitdikdən sonra cənab Prezidentin tez-tez səfər etdiyi rayonlardan biri də Cəbrayıldır. Prezidentin bura hər gəlişi yeni bir müəssisənin bünövrəsinin qoyulması, yeni bir yolun çəkilməsinə baş-lanğıc olmuşdur. Cəbrayıl rayonunda 4-6 zolaqlı yolun çəkilişinə başlanmış, rayonun elektrik enerjisi ilə təc-hizatı bərpa edilmiş, yeni elektrik stansiyasının tikintisinə başlanmışdır. Bundan əlavə, SOCAR BP şirkəti ilə birgə Cəbrayılda günəş enerjisinin istidə edilməsi üçün mühüm işlərin aparılmasına başlamışdır. Bütün bunlar Cəbrayılın tezliklə Azərbaycanın iqtisadi həyatına Cəbrayılın da töhvə verəcəyindən xəbər verir.

Qələbə qazandığımız gündən bəri cənab Prezidentin Cəbrayıl rayonuna yeddi səfəri həyata keçirilmişdir. Hər bir səfər rayon üçün önəmli bir hadisə ilə bağlı olmuş, yeni bir müəssisənin, yeni bir yolun açılışına həsr edilmişdir. Sonuncu səfər isə bu ilin 28 sentyabrında “Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı ilə bağlı olmuşdur. Bu, Cəbrayıl rayonunun elektrik enerjisi ilə lazımı səviyyədə təchiz edilməsi üçün atılmış növbəti addımdır. Əlbəttə, Prezidentin bu bölgəyə səfəri bundan sonra da davam edəcək və Cəbrayılın çiçəklənməsinə xidmət edəcəkdir.

Son günlərdə baş vermiş hadisələr Cəbrayılın həyatında da xüsusi yer tutmaqdadır. Bir gün ərzində aparılmış lokal anti-terror əməliyyatı, erməni silahlı qüvvələrinin məhv edilməsi, Xocalı və Xankəndinə nəzarətin bizim əlimizə keçməsi torpaqlarımızın əbədi olaraq azad edilməsindən, ordumuzun düşmənin hər bir əməliyyatına qarşı cavab verməyə hazır olmasından xəbər verir. Bu da sübut edir ki, başqa işğaldan azad olunmuş rayonlar kimi Cəbrayıl rayonu da özünün firavan və xoşbəxt günlərini davam etdirəcək və Azərbaycanın dilbər guşələrindən biri olaraq qalacaqdır.

Əliyev Akif,
Xəzər rayonu, 119 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button