AnalitikaGündəmSiyasət

31 MART – TARİXİN QAN YADDAŞI VƏ ƏDALƏT SINAĞIDIR

Tarix sadəcə keçmişdə baş verən hadisələrin xronologiyası deyil, həm də bir millətin kimliyi, dərsi və gələcəyə baxışıdır. Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar xalqımızın qan yaddaşına silinməz izlərlə həkk olunub. Bu tarixlərin ən ağrılılarından biri 31 Mart – azərbaycanlıların Soyqırımı Günüdür.

Mart soyqırımı təsadüfi bir iğtişaş deyil, daşnak partiyasının faşist siyasətinin və mənfur “Böyük Ermənistan” xülyasının qanlı təzahürü idi. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksütun” partiyasının 4 minlik silahlı dəstəsi birgə iştirak etmişdir. Bu 10 minlik hərbi qüvvə bolşeviklərin köməyi dəstəyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə və ağır silahların qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi amansızlıqla qətlə yetirmişlər. Bakı Soveti və Daşnaksütun partiyasının silahlı dəstələri tərəfindən törədilən bu cinayətlər nəticəsində on minlərlə soydaşımız yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilmişdir. Bu vəhşiliklər təkcə insan itkisi ilə bitməmiş, eyni zamanda milli mədəniyyətimizə də ağır zərbələr vurulmuşdur. Erməni daşnak dəstələrinin hədəfi yalnız insanlar deyil, həm də xalqın tarixi yaddaşı idi. Bakıda “İsmailiyyə” binasının yandırılması, “Kaspi” qəzetinin mətbəəsinin məhv edilməsi və Təzəpir məscidinin minarələrinin top atəşinə tutulması bir xalqın mədəni varlığını yer üzündən silmək cəhdi idi. Şamaxıda qədim Cümə məscidində insanların diri-diri yandırılması isə həm insanlığa, həm də dini dəyərlərə qarşı törədilmiş ən ağır cinayətdir.

Erməni cəlladları öz mənfur niyyətlərini həyata keçirərkən uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmişlər. Bu faciənin ən mühüm və acı həqiqətlərindən biri odur ki, bu vəhşiliklər təkcə azərbaycanlılara qarşı deyil, ölkəmizdə əsrlərlə çiyin-çiyinə yaşayan digər xalqlara qarşı da yönəlmişdi. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub günahsız insanları qılıncdan, süngüdən keçirmiş, onları diri-diri yandırmışlar. Bu fakt bir daha sübut edir ki, erməni millətçiliyi təkcə bir xalqın deyil, bəşəriyyətin və birgəyaşayış mədəniyyətinin düşmənidir.

Beynəlxalq hüquqi müstəvidə soyqırımı cinayətinin, onun əlamətlərinin, bu cinayətin törədilməsinə görə məsuliyyətin və cinayətkarların mühakimə olunması prosedurları ilə bağlı normaların açıq şəkildə müəyyənləşdirilməsinə baxmayaraq, XX əsrdə müxtəlif dövrlərdə azərbaycanlılara qarşı törədilən soyqırımlarına dünya birliyi tərəfindən ədalətli qiymət verilməmişdir.

Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra 31 mart soyqırımına siyasi və hüquqi qiymət verilib. Ümummilli Liderin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Fərmanda deyilir: “1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir”.

Ulu Öndərin tarixi Fərmanından sonra ermənilər tərəfindən törədilən soyqırımı cinayətlərinin öyrənilməsi istiqamətində mühüm işlər görülməyə başlanıb; tarixi tədqiqatlar, araşdırılmalar aparılıb, çoxlu əsərlər yazılıb və xarici dillərə tərcümə olunub.

Hal-hazırda tarixi həqiqətlərin, habelə 31 mart soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması yönündə sistemli iş aparılır. 2007-ci ildə aşkarlanmış və 31 mart soyqırımının faktiki sübutuna çevrilən Quba kütləvi məzarlığında 2013-cü ilin sentyabrında Quba Soyqırımı Memorial Kompleksinin açılışının olması bu baxımdan böyük əhəmiyyətə malikdir. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhaliyə qarşı ermənilərin törətdikləri soyqırımı faktlarla öz əksini tapmışdır.

Quba Soyqırımı Memorial Kompleksinin açılışında çıxış edən Prezident İlham Əliyev bildirib ki, soyqırımı nəticəsində öldürülən insanlar müxtəlif dinlərin, müxtəlif millətlərin nümayəndələridir. Onların ermənilər üçün bir günahı var idi ki, onlar erməni millətindən deyildilər.

Nəticə etibarilə, 31 Mart soyqırımı təkcə keçmişin ağrılı bir səhifəsi deyil, həm də milli kimliyimizi qorumaq üçün hər zaman oyaq qalmalı olduğumuzu xatırladan bir mayakdır. Bu gün biz 1918-ci ilin kədərli xatirələrini qəlbimizdə daşısaq da, dünyaya məğlub yox, qalib xalq kimi baxırıq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, 108 il əvvəl şəhid edilmiş günahsız soydaşlarımızın və bütün qurbanların ruhuna ən böyük ehtiram idi.

Ülviyyə Hacıyeva,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin  dosenti

Oxşar Xəbərlər

Back to top button