
31 mart Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin bu günündə Bakı şəhərində və ətraf bölgələrində Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törədiblər. Soyqırımı nəticəsində on minlərlə azərbaycanlı erməni daşnakları tərəfindən xüsusi qəddarlıqla öldürülüblər. Bundan əlavə, Sovetlərin Bakı komissarı Stepan Şaumyanın başçılığı ilə qırğınlar Şamaxı, Quba və Göyçay qəzalarının şəhər və kəndlərində davam etdirilib, Qarabağ, Zəngəzur və Azərbaycanın başqa bölgələrində daha amansız şəkil alıb.
“Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək istəyən erməni millətçiləri tarix boyu öz çirkin niyyətlərindən əl çəkməyərək soydaşlarımıza qarşı etnik təmizləmə və soyqırımlar həyata keçirmişlər. Azərbaycan xalqına qarşı baş verən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında törədilmişdir. 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan ,Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində on minlərlə soydaşımız etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilmişdir.
1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası mart ayında törədilən bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.
2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmusdur. Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009- cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial Kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilmiş və 2013- cü il sentyabrın 18-də açılmışdır.
Xalqın qan yaddaşını silmək üçün dəfələrlə ardıcıl cəhdlər göstərilməsinə baxmayaraq, bu, mümkün olmamış və ölkəmiz tarixi ədaləti özü bərpa edərək, düşmən üzərində qələbə qazanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diplomatiyası nəticəsində Ermənistanın yeritdiyi terrorçuluq, hərbi təcavüz və silahlı separatçılıq siyasəti ifşa olunur. 44 günlük Vətən müharibəsindəki Zəfərimiz sayəsində əzəli torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan beynəlxalq müstəvidə yerini və rolunu möhkəmləndirdi, xalqının gələcəyə olan inamını daha da gücləndirdi.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



