Analitika

31 mart Azərbaycanlıların soyqırımı günüdür

Azərbaycan tarixən şanlı şərəfli, eyni zamanda özünün çətin faciəli günlərini də yaşamalı olmuşdur. XX əsrin əvvəlləri dünya tarixi təlatümlü dövrünü yaşayırdı. Bir tərəfdən dünyanı bölüşdürmək uğrunda birinci cahan müharibəsi gedir, digər tərəfdən böyük imperiyalar dağılır, milli azadlıq ideyaları hər bir xalqın öz müqəddəratını elan etməsi istəyi dünyanı çalxalayırdı. Belə bir vaxtda qafqazda da siyası vəziyyət təlatümlü idi. Azərbaycan milli demokratiyası muxtariyyət uğrunda mübarizə aparır, Erməni millətçiləri isə şovinist təbliğat apararaq özgə torpaqları hesabına “Böyük Ermənistan“ xülyasının gerçəkləşdirmək üçün hər cür çirkin vasitəyə əl atırdılar. Rus bolşeviklərinin təsiri ilə Bakıda daşnaq cildinə girmiş Şaumyan Sovet hakimiyyəti elan etmişdi. Bu xalqa yabançı hökumət nəyin bahasına olursa olsun Bakıda möhkəmlənmək siyasəti aparır hakimiyyətini nəinki Bakıya bütün Azərbaycana yaymaq istəyirdi. Azərbaycanda mövcud olan milli partiyaların isə xalq arasında reytinqi böyük idi. Bunu görən Bakı Soveti öz çirkin niyyətini həyata kecirmək üçün milli qırğın planını hazırladılar. Belə qırğınlar bütün Azərbaycanda 1905-1907-ci ilərdə də olmuşdu. Nəhayət Bakı soveti “əksinqilaba qarşı mübarizə” adı altında qırğınlara başladı. 3 gün ərzində təkcə Bakıda 12 min dinc insan qocalar, qadınlar, körpələr vəhşicəsinə qətlə yetirildi. Bakı küçələri qana boyandı. ”Açıq söz“ qəzetinin binası, ”İsmailliyə” binası, Təzə pir məscidi bombalandı, bir çox ictimai binalar dağıdıldı. Bununla kifayətlənməyən Bakı Soveti bölgələrdə də qırğınlara rəvac verdi. Şamaxıda, Qubada, Kürdəmirdə, Lənkəranda minlərlə insan qətlə yetirildi binalar uçuruldu. Şamaxı hadisələri zamanı 7000 nəfər onlardan 1653 qadın, 965 uşaq qətlə yetirilmişdir. 1918-ci il 15 iyulda fövqəladə İstintaq Komissiyası tərəfindən Şamaxi qəzasında 120 kənddən 86-sinin təcavüzə məruz qalması müəyyən edilib. Qubada öldürülənlərin sayı 2900, qəza üzrə 4000 olmuşdur. Burada 122 kənd dağıdılmış, 2750 ev yandırılmışdır. Bundan sonra Bakıda müvəqqəti möhkəmlənən Bakı soveti xalqa zidd siyasəti davam etdirdi. O zaman tarixin hökmü ilə Tiflisdə yaranan Azərbaycan Demokratik Respublikası və onun Qafqaz İslam ordusu ilə bərabər Bakını azad etməsi müstəqillik ideyalarının gerçəkləşdirilməsinin təntənəsi idi. Lakin təəssüflər olsun ki, yaranmış ictimai siyasi vəziyyət, beynəlxalq vəziyyətin əlverişli olmaması, Rusiya işğalı Cümhuriyyətin ömrünü qısa etdi. 1920-ci ildə Cümhuriyyət süqut etdi. Azərbaycanda Sovet hakimiyyəti quruldu.

Təəssüflər olsun ki, keçən müddət ərzində milli unutqanlıq siyasəti, saxta beynəlmiləlçilik təbliğatı 30-cu illərdə xalqın tarixindən keçən repressiya dalğaları milli kimliyin unudulmasına yönəlmiş siyasət Azərbaycan tarixinin müstəqil dövlətçilik tarixinin saxtalaşdırılması ermənilərin millətimizə qarşı növbəti təxribatlarına rəvac verdi. 80-ci illərin sonunda Sovet rejiminin süqutu ərəfəsində millətçi ermənilər yenə fəallaşdılar. O zamankı sovet rəhbərliyinin ermənipərəst mövqeyi ermənilərin daha da azğınlaşmasına səbəb oldu. Nəticədə yüz minlərlə soydaşımız doğma yurd yuvalarında didərgin düşdülər onlara məxsus əmlak talanıb məhv edildi. Bütün bunların baş verməsinin səbəblərindən biri də əsrin əvvəllərində baş vermiş soyqırımlarının unudulması idi.

Nəhayət Ulu Öndərin hakimiyyətə gəlməsindən sonra bir çox məsələlərə aydınlıq gətirildiyi kimi bu hadisələrə də aydınlıq gətirilmiş, faktlar yenidən araşdırılmağa başlamış və 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında“ Fərman imzalandı. Sözügedən fərmanla 31 mart Azərbaycanlıların soyqırımı günü elan edildi. Həmin fərmanın ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə əlaqədar 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq edilmişdir. Bu fərman yeni tədqiqatlara, həqiqətin üzə çıxarılması ilə əlaqədar səylərə təkan verdi. Bu istiqamətdə çoxlu kitablar, əsərlər yazildı, əcnəbi dillərə tərcümə edildi.

2007-ci ildə Quba stadionunun təmiri ilə əlaqədar qazıntılar kütləvi məzarlığın aşkarlanmasına səbəb oldu. Müəyyənləşdirildi ki, burada 500 insan kəlləsi var. Bunlarda 50 uşaq, 100-dən çox qadın olması müəyyənləşdirildi. Həmçinin müəyyənləşdirilmiş və təsdiq olunmuşdur ki, hadisələr Quba soyqırımlarının nəticəsində həyatlarını itirmiş insanlara məxsusdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 aprel 2009-cu il sərəncamı ilə Quba şəhərində soyqırım memorial kompleksi yaradılmasına qərar vermişdir. 2018-ci ildə kompleks açılmış, yerli və xarici vətəndaşlar, dövlət xadimləri, diplomatlar kompleksi ziyarət edir, erməni vəhşiliyinin miqyasi ilə bir daha tanış olurlar.

Qəhrəman ordumuz Ali Baş Komandanın başçılığı ilə erməni qəsbkarlarına layiqli zərbə vuraraq, torpaqlarımızı azad edərək zəfər qazanmışlar. Zaman keçdikcə Azərbaycan tarixində olan bütün faciələr xalqın qan yaddaşına keçəcək və tarixi həqiqətlər bütün dünyaya çatdırılacaq.

Əliyev Elçin,
Xəzər rayonu, 26 № li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button