Analitika

31 mart azərbaycanlıların soyqırımı günü – Quba qırğınları

“1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət    səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.” – Ulu Öndər Heydər Əliyev “Azərbaycan” qəzeti, 30 mart 2003 il.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalanmışdır. “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətən üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.

1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.

Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.

Quba qırğınları zamanı şəhərdə  öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır.

Qubada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.

Ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarından biri də 1918-ci ilin yazında Qubada baş verib. Quba qəzası 1918-ci ilin qanlı mart hadisələrindən sonra bolşevik-daşnak qüvvələrinin Bakı və Şamaxı qəzalarında qurduqları hakimiyyəti genişləndirmək istədikləri üçüncü region idi. Bakı Kommunasının rəhbəri S.Şaumyan bolşevik hökuməti qurmaq adı altında Azərbaycanın bölgələrində, o cümlədən Qubada etnik təmizləmə həyata keçirməyi qərara almışdı. O, Şahdağdan Xəzərədək olan bölgəni erməniləşdirmək fikrində idi. Lakin bölgənin cəsur əhalisi Şaumyanı narahat edirdi və o, çirkin niyyətinə ehtiyatla başlayır.

Bakı Xalq Komissarları Soveti bu qəzanı əvvəlcə sülh yolu ilə almağa, yəni, qubalılara bolşeviklərin hakimiyyətini könüllü olaraq qəbul etdirməyə qərar verir. Quba ictimaiyyəti ilə danışıqlar aparmaq D.Gelovaniyə tapşırılır. İki yüz nəfərə yaxın silahlı dəstə Qubaya gəlib özünü qəza komissarı elan edən D.Gelovani əhaliyə sovet hakimiyyətini tanımağı təklif edir. Qubalılar bu tələbə əməl edir və Gelovani şəhərdə bolşevik idarəçiliyi qurur. Bir neçə günlük sakitlikdən sonra ətraf kəndlərdən, xüsusən də ləzgilərdən ibarət silahlı dəstələr şəhərə daxil olur. Onlar Gelovanidən öz dəstəsi ilə şəhəri tərk etməyi tələb edir. Gelovani onların tələbini rədd edir. Ona kömək üçün Xaçmazdan 2 topla birlikdə Ağacanyanın rəhbərlik etdiyi ermənilərdən ibarət 150 nəfərlik dəstə gəlir. Bir neçə gün davam edən döyüşdən sonra Gelovani dəstəsi ilə birlikdə Qubadan qovulur. Geri çəkilərkən Ağacanyanın dəstəsi Bulvar küçəsini yandırır, Bazar küçəsində 16, Komendant küçəsində 7, şəhərin kənarında isə 35 nəfəri qətlə yetirir.

Bundan sonra Bakı Kommunasının rəhbəri Şaumiyan bölgəyə türklərə qarşı qəddarlığı ilə ad çıxaran Hamazaspın başçılığı altında silahlı qüvvə göndərməyi qərara alır. 1918-ci il mayın 1-də Hamazaspın komandanlığı altında 3 minlik erməni silahlı birləşmələri Quba şəhərinə hücuma keçir. Quba meydanına daxil olan Hamazasp orada toplaşan əhaliyə bildirir: “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni mənafelərinin müdafiəçisiyəm. Sovet hökuməti tərəfindən cəza dəstəsi ilə buraya göndərilmişəm ki, sizdən iki həftə bundan əvvəl burada öldürülmüş ermənilərin qisasını alım… Mən bura qayda-qanun yaratmaq və Sovet hakimiyyəti qurmaq üçün deyil, ermənilərin qisasını almaq üçün göndərilmişəm”.

Hamazaspın silahlı dəstələri şəhəri dörd hissəyə bölərək hər hissədə ayrıca qərargah yaradırlar. Daşnak dəstələri amansızlıqla dinc əhalini öldürməyə və var-dövlətlərini talan etməyə başlayır. Təkcə birinci gün şəhərin aşağı hissəsində 713 nəfər azərbaycanlı öldürülür ki, onların da əksəriyyəti qadın və uşaqlar idi. Ermənilərin Quba şəhərindəki azğınlığı doqquz gün davam edir. Küçələrdə sərilib qalan meyitlərin dəfninə belə icazə verilmir. Quba şəhər rəisi Ə.Əlibəyov qubalıların nümayəndəsi kimi Hamazaspın yanına gələrək ölülərin dəfn olunmasına icazə istəyir. Hamazasp isə bundan imtina edir. Erməni-daşnak quldur dəstəsi Quba şəhərində 3 minə yaxın sakini qətlə yetirir. Qətliamlar ətraf ərazilərdə, bütünlükdə Quba qəzasında davam etdirilir. Arxiv materialları əsasında məlum olur ki, bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi viran edilmiş, 2750-dən çox ev tamamilə yandırılmış, 16 mindən çox müsəlman kişi, qadın, qoca, uşaq qətlə yetirilmişdi. Ə.Zizinskinin, Möhübəli əfəndinin və neçə-neçə igid döyüşçülərin birləşdiyi yerli müqavimət hərəkatı erməni quldurlarına qarşı hücuma keçsələr də, qüvvələr bərabər deyildi.

Müxtəlif növ odlu silahlarla təchiz olunan daşnak dəstələri dinc əhalini vəhşicəsinə qətlə yetirməkdə davam edirdilər. Qusar istiqamətində hücuma keçən erməni silahlıları qəflətən pusquya düşür. Digah kəndi yaxınlığındakı dərədə onlar yerli müqavimət dəstələri tərəfindən mühasirəyə alınır və çoxlu itki verirlər. Hər iki tərəfdən çoxlu qan axıdılır. El arasında həmin ərazi indiyədək “Qanlı dərə” adlanır. “Qanlı dərə”də məğlubiyyətə uğrayan erməni-daşnak quldur dəstələri tədricən geri çəkilməyə başlayırlar. Mayın sonunda döyüşlər dayansa da, ermənilər bölgədə öz hökmranlıqlarını saxlamağa çalışırlar. Bu vəziyyət 1918-ci ilin sentyabr ayınadək davam edir. Qardaş Türkiyədən Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusu 1918-ci ilin yay aylarında Azərbaycan Xalq Cümhuriyyətinin əvvəlcə Gəncədə, daha sonra isə Bakıda möhkəmlənməsinə köməklik göstərir.

Erməni vandalizmi, törədilən cinayətlər Cümhuriyyət hökuməti tərəfindən yaradılan Fövqəladə Təhqiqat Komissiyası (FTK) tərəfindən araşdırılır. Ermənilərin 1918-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrində, o cümlədən Qubada törətdiyi soyqırımları ilə əlaqədar cinayət işi başlanır. Quba soyqırımında qətlə yetirilən dinc əhalinin sayı müəyyənləşdirilir, zərərçəkənlər qeydə alınır, zərərin miqdarı hesablanır, cinayətkarların kimliyi dəqiqləşdirilir. Təəssüf ki, 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra FTK-nın fəaliyyəti dayandırılır, cinayət işlərinə xitam verilir.

Amma tarixi faktları heç nə ilə gizlətmək olmur, həqiqət gec-tez üzə çıxır. Soyqırımı hadisəsindən 89 il sonra Qubada aşkarlanan kütləvi məzarlıq kimi.

2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir.

Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir… Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.” (Quba 18.09.2013).

Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.

Bu gün Azərbaycan öz tarixinin şanlı günlərini yaşayır. 44 günlük Vətən müharibəsində işğal altındakı ərazilərimizin azad edilməsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünyaya öz gücünü, mətinliyini nümayiş etdirdi. Bu tarixi Zəfərlə ermənilərin 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, digər yerlərdə, eləcə də 1992-ci ildə Qarabağda, Xocalıda törətdiyi soyqırımlarının, qırğınların da qisası alındı.

Zeynalova Türanə,
Xəzər rayonu, 262 №li tam orta məktəbin müəllimi      

Oxşar Xəbərlər

Back to top button