
31 Mart Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış ən ağrılı tarixlərdən biridir. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba və digər bölgələrdə azərbaycanlılara qarşı amansız qırğınlar törədilmiş, minlərlə günahsız insan yalnız milli mənsubiyyətinə görə qətlə yetirilmişdir. Bu hadisələr əvvəlcədən planlaşdırılmış soyqırımı siyasətinin nəticəsi idi.
Uzun illər bu faciəyə lazımi siyasi və hüquqi qiymət verilməmişdir. Yalnız ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanan fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmiləşdirildi. Bu mühüm addım milli yaddaşın bərpasına, tarixi həqiqətlərin üzə çıxarılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət etdi.
Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət səviyyəsində həyata keçirilən tədbirlər, beynəlxalq konfranslar və məlumatlandırma işləri nəticəsində dünya ictimaiyyəti bu faciə haqqında daha geniş məlumat əldə edir. Tarixi həqiqətlərin təhrif olunmasının qarşısının alınması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Soyqırımı qurbanlarının xatirəsinin yaşadılması məqsədilə yaradılmış Quba Soyqırımı Memorial Kompleksi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu kompleks həm xatirə məkanı, həm də tarixi faktların araşdırıldığı mühüm bir mərkəzdir. Burada nümayiş olunan materiallar həmin dövrün dəhşətlərini aydın şəkildə göstərir.
31 Mart həm də gələcək üçün bir dərsdir. Bu gün xalqımız birlik və həmrəylik nümayiş etdirərək şəhidlərin xatirəsini ehtiramla yad edir. Tarixi unutmaq olmaz, çünki unutqanlıq yeni faciələrə yol aça bilər. Buna görə də hər bir azərbaycanlı bu həqiqətləri bilməli, qoruyub saxlamalı və gələcək nəsillərə çatdırmalıdır.
Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi



