AnalitikaGündəmSiyasət

“31 Dekabr – Azərbaycançılıq ideologiyasının qlobal təcəssümü”

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müasir milli dövlətçiliyimizin, diaspor siyasətinin və azərbaycançılıq ideologiyasının əsas dayaqlarından biri kimi xüsusi əhəmiyyət daşıyır. Hər il 31 dekabrda qeyd olunan bu gün yalnız təqvim bayramı deyil, həm də dünya azərbaycanlılarını bir ideya, bir yaddaş və bir məsuliyyət ətrafında birləşdirən mənəvi-siyasi hadisədir. Onun yaranma tarixi Azərbaycan tarixinin dönüş anlarına, milli şüurun yüksəlişi və dövlətçilik məfkurəsinin formalaşması mərhələsinə bağlıdır. XX əsrin sonu dünya azərbaycanlıları üçün sınaqlar dövrü idi: regional münaqişələr, siyasi qeyri-sabitlik, müstəqillik axtarışı və milli təhlükəsizlik məsələləri bütün azərbaycanlıların daha sıx birliyini zəruri edirdi. Bu reallıq qarşısında milli həmrəylik ideyasının dövlət səviyyəsində formalaşdırılması strateji zərurətə çevrilmişdi.

Məhz belə tarixi şəraitdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri kimi fəaliyyət göstərən Ulu Öndər Heydər Əliyev 1991-ci ilin dekabrında 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan etmişdir. Bu qərar təsadüfi, yaxud yalnız simvolik akt deyil, siyasi baxımdan düşünülmüş, milli ideyanı təşkilatlanma və dövlətçilik maraqları ilə uzlaşdıran addım olmuşdur. Ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının mövqeyini bir mədəniyyət dairəsi kimi deyil, vahid siyasi və mənəvi məkan kimi dəyərləndirirdi. Onun konsepsiyasında hər bir azərbaycanlı — harada yaşamasından asılı olmayaraq — Azərbaycan dövlətinin daşıdığı dəyərlərə bağlı, onun təhlükəsizliyi, nüfuzu və inkişafı qarşısında mənəvi məsuliyyət daşıyan fərd kimi nəzərdə tutulurdu.

Bu yanaşma sonralar azərbaycançılıq ideologiyasının əsas elementlərindən birinə – həmrəylik ideyası milli kimliyin qorunması, dil və mədəniyyətin yaşadılması, diasporun təşkilatlanması, informasiya mühitində milli maraqların müdafiəsi kimi sahələrdə real fəaliyyət proqramına çevrilmişdir. Dünya Azərbaycanlılarının Qurultaylarının keçirilməsi, diaspor təşkilatları arasında əlaqələrin koordinasiyası, dövlət-diaspor münasibətlərinin institusional əsasda qurulması həmin siyasətin məntiqi davamı olmuş, bu istiqamətdə aparılan tədbirlər bir daha göstərmişdir ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü təkcə tarixi hadisə yox, uzunmüddətli strateji layihə idi.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü həm də milli-mənəvi dəyərlərin qorunması baxımından xüsusi məna kəsb edir. Müxtəlif ölkələrdə yaşayan milyonlarla soydaşımızın qarşısında assimilyasiya, mədəni identikliyin zəifləməsi, tarixi yaddaşın itirilməsi kimi çağırışlar durur. Bu günün məzmunu həmin risklərə qarşı ideoloji sipər rolunu oynayır. Həmrəylik anlayışı təkcə bayram təntənəsi yox, milli varlığın qorunması üçün çağırışdır: ana dilinə münasibətin gücləndirilməsi, ailə və icma dəyərlərinin yaşadılması, gənclərin milli kimlik şüuru ilə yetişdirilməsi bu konsepsiyanın mühüm komponentlərindəndir.

Eyni zamanda, bu gün diaspor diplomatiyasının inkişafı baxımından da mühüm vasitəyə çevrilmişdir. Müasir beynəlxalq münasibətlər sistemində informasiya mübarizəsi, ictimai rəyin formalaşdırılması, tarixi həqiqətlərin təqdim olunması böyük əhəmiyyət daşıyır. Xaricdə fəaliyyət göstərən Azərbaycan icmaları müxtəlif ölkələrin siyasi institutları, KİV-ləri, akademik dairələri ilə əməkdaşlıq edərək ölkəmizin mövqeyini izah edir, Qarabağ həqiqətlərinin dünyada obyektiv təqdim edilməsinə çalışırlar. Beləliklə, həmrəylik ideyası tədricən mənəvi birlikdən diplomatik resursa çevrilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü həm də Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi prosesinin tərkib hissəsidir. Müstəqillik yalnız siyasi atributlarla ölçülmür. O, milli birliyin gücü, xalqın dövlətə olan inamı və dövlətlə cəmiyyət arasındakı əlaqələrin möhkəmliyi ilə tamamlanır. Bu mənada, 31 dekabr tarixinin mənəvi məzmunu ölkənin daxili sabitliyini gücləndirir, vətəndaşlıq düşüncəsini dərinləşdirir və xalqı ümummilli məqsədlər ətrafında birləşdirir.

Ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd etmək vacibdir. Onun uzaqgörənliyi ondan ibarət idi ki, müstəqilliyin ən həssas dövründə parçalanma təhlükəsinə qarşı milli birliyi ideoloji baza kimi formalaşdırdı. O, dünya azərbaycanlılarının potensialını yalnız etnik bağlılıq kimi deyil, milli inkişafın strateji resursu kimi qiymətləndirdi. Sonrakı illərdə bu xətt ardıcıl davam etdirildi, həm daxildə siyasi sabitlik, həm də xaricdə milli maraqların müdafiəsi baxımından mühüm nəticələr əldə olundu. Bu siyasət sübut etdi ki, milli həmrəylik dövlət quruculuğunun vazkeçilməz şərtlərindən biridir.

Müasir dövrdə qloballaşma, miqrasiya prosesləri, regional təhlükəsizlik çağırışları şəraitində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün aktuallığı daha da artır. Bu gün Azərbaycan artıq güclənən, beynəlxalq aləmdə nüfuzu artan dövlət kimi dünya azərbaycanlıları üçün dayağa çevrilib. Eyni zamanda, soydaşlarımız da öz fəaliyyətləri ilə ölkəmizin mövqeyini gücləndirir, iqtisadi, mədəni və elmi əlaqələrin genişlənməsinə töhfə verirlər. Beləliklə, dövlətlə diaspor arasında qarşılıqlı asılılıq və əməkdaşlıq modelinin formalaşdığı müşahidə olunur.

Nəticə etibarilə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız ənənəvi bayram deyil, milli ideologiya, siyasi məsuliyyət və tarixi yaddaşın təcəssümüdür. Onun mərkəzində duran əsas həqiqət budur: Azərbaycan dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının vətənidir və bu vətənə bağlılıq həm hüquq, həm də mənəvi borcdur. Bu konsepsiyanın müəllifi olan Heydər Əliyevin tarixi xidmətləri isə həmrəyliyimizi möhkəmləndirən, müstəqil dövlətçiliyimizi gücləndirən mühüm amil kimi yaddaşımızda yaşayır.

Daşqın Mikayılov YAP,
Şəki rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button