
Azərbaycanın çoxəsrlik tarixinə nəzər saldıqda bəzi günlərin sadəcə təqvim yarrağı olmadığını, bütöv bir xalqın taleyini, dövlətin gələcək varlığını və geopolitik istiqamətini dəyişən həlledici mərhələlər olduğunu görürük. Xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış belə əlamətdar tarixlərdən biri də məhz 3 oktyabr günüdür.
Xüsusilə 1993-cü ilin 3 oktyabr tarixi müasir müstəqil Azərbaycan dövlətinin mövcudluğunu qoruyub saxlaması, anarxiya, xaos və parçalanma təhlükəsindən qurtulması baxımından müstəsna – həlledici rola malikdir.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə son dərəcə ağır və dözülməz sınaqlarla üzləşmişdi. Hakimiyyətsizlik, səriştəsiz idarəçilik, ölkə daxilində baş qaldıran separatçılıq meyilləri, qanunsuz silahlı dəstələrin özbaşınalığı və cəbhədəki hərbi uğursuzluqlar respublikanı daxili müharibə həddinə çatdırmışdı.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi fonunda Bakıda hakimiyyət uğrunda çəkişmələr kəskinləşmiş, öilki vətəndaş qarşıdurması (şimalda və cənubda separatçı qiyamlar) təhlükəsi reallaşmışdı. Azərbaycan demək olar ki, dünya xəritəsindən silinmək, müstəqilliyini yenicə qazanmış gənc respublika kimi parça-parça olmaq təhlükəsi ilə üz-üzə idi.
Belə bir məhv olmaq təhlükəsi qarşısında Azərbaycan xalqı yeganə xilaskar kimi məhz ulu öndər Heydər Əliyevə üz tutdu. Xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya dəvət olunan Heydər Əliyev 1993-cü ilin iyununda Ali Sovetin Sədri seçildi, iyulun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
Bütün bu gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə 3 oktyabr 1993-cü ildə Azərbaycanda ümumxalq prezident seçkiləri keçirildi. Xalqın mütləq əksəriyyəti – səslərin çox böyük bir hissəsini qazanan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ölkəni bürüyən anarxiyaya, qanunsuz silahlı dəstələrin fəaliyyətinə son qoyuldu. Cəmiyyətdə qanunun aliliyi bərpa edildi, parçalanmaqda olan xalq və dövlət tək bir mərkəz ətrafında birləşdirildi, Azərbaycanın qısa müddətdə itirə biləcəyi müstəqilliyi sarsılmaz təməllər üzərində qərarlaşdı.
Ulu Öndər Heydər Əliyev 1993-cü il oktyabrın 10-da keçirilən asayiş və inkişaf yönümlü andiçmə mərasimindəki tarixi nitqində xalqa sədaqətlə xidmət edəcəyini və Azərbaycanın gələcəyi üçün bütün həyatını həsr edəcəyini bəyan etmişdi.
Tarixin təsadüflərlə deyil, məntiqi qanunauyğunluqlarla irəlilədiyini sübut edən digər mühüm məqam isə illər sonra 3 oktyabr tarixinin Azərbaycanın hərbi-siyasi zəfərləri ilə yenidən zənginləşməsidir.
44 günlük Vətən müharibəsinin gedişində, 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Müzəffər Ordusu tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Madagiz strateji nöqtələri işğaldan azad edildi. Həmin gün Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Suqovuşanın azad olunduğunu elan etdi. 3 oktyabr tarixi artıq həm də tarixi ədalətin bərpa olunduğu, torpaqlarımızın geri qaytarıldığı şanlı qələbə günlərindən biri kimi tarixə yazıldı.
Azərbaycan tarixinin paradiqmasında 3 oktyabr – qurtuluşun, dirçəlişin və böyük gələcəyin təmölünün qoyulduğu müqəddəs bir gündür. 1993-cü ilin 3 oktyabrında atılan uzaqgörən siyasi addım və qətiyyətli liderlik bu gün qüdrətli, suveren, sərhədləri bütöv və beynəlxalq müstəvidə söz sahibi olan Azərbaycan Respublikasının yaranmasının bünövrəsini təşkil etmişdir. Tarixi gerçəkliklər göstərir ki, 3 oktyabr xalqımızın dövlətçilik şüurunda hər zaman qürurla və dərin ehtiramla anılacaqdır.
Əsgərova Cəmalə,
Nizami rayonu 201 saylı məktəbin tarix müəllimi


