Analitika

29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimindən yadda qalan məqamlar

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev hər kəsi salamlayaraq təşkilatçılara minnətdarlığını bildirdi. Daha sonra qeyd etdi ki, Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini – neft, qaz, kəşfiyyat və hasilat, emal və nəqliyyatı və əlbəttə ki, yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir.

Cənab Prezident xatırlatdı ki, otuz il bundan əvvəl Azərbaycan, əlbəttə ki, başqa bir ölkə idi. Biz müstəqillik yolunda ilk addımlarımızı atırdıq və bu, çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. Əfsuslar olsun ki, 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu. Həmin dövrdə hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də, çətin dövr idi,irəliyə getmək üçün yol yalnız investisiyaların cəlb edilməsindən ibarət idi, lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu. Təkcə Birinci Qarabağ müharibəsi və işğal yox, həm də daxili münaqişələrin olduğu dövrdə 1993-cü ilin vətəndaş müharibəsi ölkəni uçuruma aparırdı. Daha sonra vurğuladı ki, iqtisadi çətinliklər, min faiz səviyyəsində olan inflyasiya, sənayemizin durğunluğu və enerji resurslarının qıtlığı nəticəsində elektrik enerjisi və təbii qaz qıtlığı yaranmışdı. Çar Rusiyası və Sovetlər İttifaqı dönəmində Azərbaycan bu sahədə təkcə regional yox, qlobal miqyasda lider idi. Lakin müstəqillik böyük bir enerji böhranı ilə müşayiət olundu.

1993-cü ilin dönüş nöqtəsi olduğunu qeyd edən ölkə başçısı Heydər Əliyevin Prezident seçilməsinin ölkənin tarixində yeni səhifə açdığını və irimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaları cəlb etmək cəhdlərinin ölkəni sürətli yüksəlişə apardığını söylədi. Prezident onu da nəzərə çatdırdı ki, SOCAR və yaradılmış konsorsium arasında çox etibarlı əməkdaşlıq var idi. Üç il müddətində “Çıraq” platformasından ilk neft hasil olundu. Bu, neft sahəsinin tarixində çox əlamətdar və rekord bir hadisə idi. Müqavilənin imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi. 1999-cu ildə onların hər ikisi artıq işlək idi. Sonra çox çətin relyef şəraitində və region ölkələrinin və şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi.Bu, bizim iqtisadiyyatımıza sanki bir nəfəs verdi və onun enerji siyasətimizlə koordinasiyası artdı.

4 iyun tarixinin sadəcə, iyirmi il bundan əvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması ilə yadda qalmayacağını , həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacağını bildirərək Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirdiyini və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini nəzərə çatdırdı. Cənab Prezident “Şahdəniz”in Azərbaycanda qaz qıtlığına son qoyduğunu,səkkiz ölkənin Azərbaycandan qaz aldığını və Azərbaycanın qaz təchizatında etibarlı tərəfdaş olduğunu bildirdi.Əlavə etdi ki, bir neçə ay bundan öncə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısında Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. Çünki təbii qazımızı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir.

Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı olduğunu bildirən ölkə başçımız 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verildiyini ,3-5 il ərzində bu rəqəmin 500 meqavata çatacağını və beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcminin bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcəyini izah etdi. Qeyd etdi ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir.Bakı Neft və Qaz Sərgisində qaz müqaviləsinin imzalanmasından 28 il sonra, 1 qiqavat həcmində bərpaolunan enerji ilə bağlı artıq imzaladığımız müqavilələr nəticəsində bu gün təməlqoyma mərasimi baş tutacaqdır, potensialımız nəhəngdir. Bizim tərəfdaşlarımız qlobal səviyyədə aparıcı şirkətlərdir və “Masdar” yaşıl enerjiyə keçid sahəsində ən öndə gedən şirkətdir.

Azərbaycanda iqlim dəyişikliyinə də toxunaraq Xəzər dənizinin sahilinə nəzər salarkən ildən-ilə dənizin geri çəkildiyinin şahidi olduğumuzu və bunun səbəbinin iqlim dəyişikliyi və insanların qeyri-rasional fəaliyyətində olduğunu söylədi. Bildirdi ki,iqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq. Sonda isə 4 iyun tarixinin “Şahdəniz” müqaviləsinin imzalanması, həmçinin yaşıl keçidlə bağlı təməlqoyma mərasimi ilə yadda qalacağını və bu vacib toplantının hər zaman yeni ideyalar, yeni təmaslar, yeni müqavilələr ilə nəticələnəcəyindən əminliyini bildirdi. Ən xoş arzularını çatdıraraq hər kəsi bu ilin noyabrında COP29-da qonağımız olmağa dəvət etdiyini söylədi və ölkə başçısı öz nitqini yekunlaşdırdı.

Əlisoy Nərgiz,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button